1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü: Sağlam gələcək naminə

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü: Sağlam gələcək naminə

01 İyun 2025

Uşaqlar hər bir cəmiyyətin sabahıdır. Onların rifahı, sağlamlığı və mənəvi-əxlaqi inkişafı ölkənin gələcək taleyini müəyyənləşdirir. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bir daha dərk edirik ki, ailələr və dövlət əl-ələ verərək sabahımızı qorumağa borcludurlar.

Uşaqlarımıza verilən dəyər yalnız fərdi xoşbəxtlik deyil, bütövlükdə sağlam və güclü Azərbaycan deməkdir. Onların tərbiyəsində milli-mənəvi dəyərlərə söykənən azərbaycançılıq ideologiyasının qorunub saxlanması sabahkı nəsillərin milli kimliyini və dövlətə sədaqətini təmin edir. İdmançı uşaqlara göstərilən diqqət və qayğı isə sağlam bədənin, sağlam düşüncənin, sağlam cəmiyyətin formalaşmasına səbəb olur.

Bu gün Azərbaycanın gənc nəsli sağlam, güclü və vətənpərvər ruhda yetişdiyi üçün torpaqlarımızı işğaldan azad edən qəhrəmanlıq salnaməsinin yazılmasında əsas rol oynadı. Qarabağ zəfəri bunun bariz nümunəsidir. Lakin bugünkü uğurlarımıza kölgə salmaq istəyən, dost maskası ilə düşmən niyyətlərini gizlədən bəzi qüvvələr gənclərimizi mənəvi aşınmaya, zərərli vərdişlərə və milli kimlikdən uzaqlaşmağa cəhd göstərirlər. Bu, Azərbaycanın gələcəyini xəstə və qorxaq nəsillərlə əvəzləmək planıdır.

Ancaq Azərbaycan xalqı belə niyyətlərə boyun əyməyəcək qədər güclüdür. Dövlət rəhbərliyi bu təhlükələrin qarşısını almaq üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Ailələrin də bu mübarizədə fəal iştirakı vacibdir. Hər bir valideyn öz övladının sağlam gələcəyini təmin etmək üçün onları idmana, təhsilə və milli dəyərlərə yönləndirməlidir.

Sağlam, güclü və əqidəli gənclik bizim sabahkı zəmanətimizdir. Gələcəyin Azərbaycanı elə bir səviyyədə olmalıdır ki, düşmənlər ruh düşkünlüyü yaşayıb mənfur planlarından əl çəksinlər. Bu məqsədlə ailələr və dövlət birgə addımlamalı, gənclərin zərərli vərdişlərdən uzaq, sağlam mühitdə formalaşmaları üçün səylərini səfərbər etməlidirlər.

Unutmayaq ki, sağlam gələcək sağlam uşaqlardan başlayır. Əmin addımlarla sağlam həyat tərzinə doğru irəliləyək. Yaşasın güclü və sağlam Azərbaycan!

Nicat Allahverdiyev

İdman mütəxəssisi