2024-2025-ci illər teatr mövsümündə Naxçıvan Dövlət Milli Dram Teatrı hansı uğurları ilə yadda qalıb?

2024-2025-ci illər teatr mövsümündə Naxçıvan Dövlət Milli Dram Teatrı hansı uğurları ilə yadda qalıb?

19 İyul 2025

2024-2025-ci illər teatr mövsümü teatr üçün həm məhsuldar, həm də çağırışlarla dolu dövr kimi yadda qalıb. Bu mövsüm teatr yalnız səhnə ilə məhdudlaşmayıb, ictimai, mədəni və ekoloji mövzulara toxunan layihələrlə çıxış edib. Hazırlanan tamaşalar və beynəlxalq çıxışlar teatrın fəaliyyətini genişləndirib.

Bu fikirləri "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Naxçıvan Dövlət Milli Dram Teatrının mətbuat katibi İsmayıl Mirzəcanov bildirib. 

O qeyd edib ki, mövsümün əvvəlindən teatr kollektivi V.Hüqonun “Edama məhkumun son günü” əsəri əsasında hazırlanan tamaşa ilə Dənizlidə (Türkiyə) keçirilən festivalda çıxış edib.

Həmçinin Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti ilə birlikdə ortaq layihəmiz olan Eluca Atalının “Odunçunun nağılı” tamaşası ilə Bakı şəhərində keçirilən COP29 beynəlxalq tədbirində çıxış etmişik. 

İsmayıl Mirzəcanov bildirib ki, mövsümdə diqqət çəkən məqamlardan biri də Vətən müharibəsinin və böyük zəfərimizin canlandırıldığı, vətənpərvərlik hisslərinin təbliğ edildiyi  "Xeyir xəbər" tamaşası olub. Teatrın fəaliyyəti mədəni mühiti aşaraq,  ictimai-siyasi kontekstdə də rol oynayıb: Naxçıvanın muxtariyyətinin 100 illiyinə həsr olunmuş tamaşa Akademik Rus Dram Teatrında nümayiş olunub.

Teatr uşaqlar və gənclər üçün də yeni tamaşalar hazırlayıb. Xalq nağıllarına əsaslanan səhnə əsərləri və xüsusi günlərdə təqdim olunan tamaşalar milli-mənəvi dəyərlərin qorunmasına da xidmət edib.

Yeni mövsümlə bağlı açıqlamasında İsmayıl Mirzəcanov bildirib ki, repertuar planlamasına start verilib. Mövsüm Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" komediyası ilə başlanacaq, Hüseyn Cavidin “Ana” faciəsi də təqdim olunacaq. Teatrın 143 illik fəaliyyətinə həsr olunan sənədli filmin hazırlıqları da gedir.

"2024-2025-ci il mövsümü teatrın yalnız səhnə deyil, cəmiyyətlə dialoq və çağırışlara cavab verən mədəni institut kimi rolunu gücləndirib” - deyə İsmayıl Mirzəcanov qeyd edib.

Müsahibəni hazırladı: 

Nəzrin Abbaslı