AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclası keçirilib - FOTO
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev geniş məruzə ilə çıxış edərək gündəlikdə duran məsələləri diqqətə çatdırıb, bölmənin qarşıdakı illər üçün elmi inkişaf xəttinin müəyyənləşdirilməsi baxımından iclasın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, akademik İsmayıl Hacıyev Azərbaycan Respublikasının Prezidentinin 3 noyabr 2025-ci il tarixində AMEA-nın 80 illik yubileyinə həsr edilmiş tədbirdə səsləndirdiyi mühüm prioritet istiqamətləri iclas iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, dövlət başçısının elmin rəqəmsallaşması, innovasiya potensialının genişləndirilməsi, beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi və fundamental araşdırmaların stimullaşdırılması ilə bağlı çağırışları AMEA Naxçıvan Bölməsi üçün yol xəritəsi rolunu oynayır.
Bu istiqamətdə bölmə tərəfindən hazırlanmış Tədbirlər Planı təqdim olunub. Sənəd geniş müzakirə edilib, söylənilən təkliflər nəzərə alınıb və yekunda yekdilliklə təsdiq edilib.
Aqrar elmlər üzrə fəlsəfə doktoru Orxan Bağırov bölmədə 2026–2030-cu illərdə aparılması nəzərdə tutulan elmi tədqiqat işləri barədə məlumat verib. O, həmçinin 2025-ci il üzrə elmi tədqiqatların yekunlarına dair təqdim ediləcək illik hesabatların hazırkı vəziyyəti haqqında danışıb.
Elm və təhsil şöbəsinin aparıcı mütəxəssisi Gülvira Abbasova AMEA prezidentinin 12 noyabr 2025-ci il tarixli 184 nömrəli sərəncamına uyğun olaraq bölmədə qış imtahan sessiyasının təşkili barədə məlumat verib. Bu il sessiyada iştirak edəcək nümayəndənin olmadığı qeyd edilib.
Ardınca bölmə əməkdaşlarının 2025-ci il üzrə doktoranturaya qəbulu məsələsi müzakirə olunub. Gülvira Abbasova fəlsəfə doktorluğu üzrə doktoranturaya qəbul olunmuş 5 doktorant haqqında ətraflı məlumatı təqdim edib. O, doktorantların elmi rəhbərləri, tədqiqat mövzuları və mövzuların müasir elmi diskursdakı aktuallığı barədə fikir bildirib.
İclasın sonunda filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov cari məsələlərə dair çıxış edib. O bildirib ki, bölmə əməkdaşları tərəfindən hazırlanmış bir sıra elmi monoqrafiya və kitablar haqqında danışıb. Elmi dəyəri yüksək qiymətləndirilən bu əsərlərin nəşrinə tövsiyə verilməsi Azərbaycan elminin inkişafına növbəti töhfə kimi dəyərləndirilib.











