Azərbaycanda ötən il haqsız rəqabət və qanunsuz reklamlara dair 160 müraciətə baxılıb

Azərbaycanda ötən il haqsız rəqabət və qanunsuz reklamlara dair 160 müraciətə baxılıb

15 Mart 2025

2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi və qanunsuz reklamların yayımı ilə əlaqədar 160 müraciətə baxıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, bu müraciətlərin 30-u təmin edilib, 113 halda vətəndaşlara müvafiq izahat və tövsiyə verilib, 5 ərizə baxılması üçün aidiyyəti orqanlara göndərilib.

Hesabatda qeyd olunub ki, qanunsuz reklamların yayımı ilə bağlı 120 müraciətə baxılıb. Onlardan 60-ı təmin edilib, 41 halda vətəndaşlara izahat və tövsiyə verilib, 6 halda isə müraciətlər aidiyyəti orqanlara yönləndirilib.

"Haqsız rəqabət haqqında" qanunun tələblərinin pozulması ilə bağlı aparılan bazar araşdırmaları və daxil olmuş müraciətlərin təhlili nəticəsində bir sıra bazar subyektlərinin antiinhisar qanunvericiliyini pozması halları müəyyən edilib. Bununla əlaqədar 4 bazar subyekti barəsində iş qaldırılıb, 9 işə (onlardan 5-i əvvəlki hesabat dövründən davam edən) baxılması tamamlanıb.

Görülmüş tədbirlər nəticəsində təsərrüfat subyektləri tərəfindən yol verilmiş pozuntular aradan qaldırılıb. Baxılması tamamlanmış işlər üzrə 5 bazar subyektinə 189,7 min manat (o cümlədən, düzgün olmayan məlumat verməyə və ya lazımi məlumatı təqdim etməməyə görə bir bazar subyektinə 0,3 min manat) məbləğində maliyyə sanksiyası tətbiq edilib və müvafiq icrası məcburi göstəriş verilib.

İl ərzində bazar subyektlərinin əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verməsi ilə bağlı Xidmətə daxil olmuş müraciətlərin ilkin araşdırılması zamanı 27 bazar subyekti haqsız rəqabət əlamətlərini könüllü olaraq aradan qaldırıb. Xidmət bazar subyektlərinə gələcək fəaliyyətlərində bu cür pozuntulara yol verməmələri barədə göstəriş verib.

Ötən il 35 bazar subyektinin bir sıra mal və ya xidmətlərin reklamı zamanı reklam qanunvericiliyinin tələblərini pozması halları müəyyən edilib. Görülmüş tədbirlər nəticəsində aşkar edilmiş pozuntuları həmin bazar subyektləri könüllü olaraq aradan qaldırıb və Xidmət onların gələcək fəaliyyətlərində bu cür pozuntulara yol verməməsi barədə göstəriş verib.