Azərbaycanda peşəkar mühasib sertifikatı olan şəxslərin sayı açıqlanıb

Azərbaycanda peşəkar mühasib sertifikatı olan şəxslərin sayı açıqlanıb

21 Fevral 2025

Maliyyə Nazirliyinə məxsus Peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrində 5 514 nəfərin adı var. 

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə nazirliyə istinadən xəbər verir. 

Qurum bəyan edib ki, dövlətin iqtisadi siyasətinin həyata keçirilməsində, büdcə gəlirlərinin formalaşmasında, məşğulluğun təmin edilməsində iştirak edən iri, orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və bir sıra publik hüquqi şəxslərin qarşısında qoyulan tələblərdən biri də baş mühasiblərinin peşəkar mühasib olmasıdır.

Mühasiblərin sertifikasiyası beynəlxalq səviyyədə qəbul edilmiş bir tələb və normadır. Bu baxımdan mühasiblərin peşəkarlıq sertifikasiyasına cəlb olunması hər bir ölkənin, o cümlədən Azərbaycanın milli qanunvericiliyi ilə təsbit olunur. “Mühasibat uçotu haqqında" qanuna uyğun olaraq, bir sıra təşkilatların baş mühasibləri peşəkar mühasib olmalıdır. Peşəkar mühasib Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçərək, peşəkar mühasib sertifikatını almış və peşəkar mühasib təşkilatının üzvü olan şəxsdir. Peşəkar mühasib sertifikatı isə peşəkarlıq səviyyəsinə uyğunluğu təsdiq edən sənəddir.

Peşəkar mühasib sertifikatının qüvvədə olma müddəti beş ildir. Peşəkar mühasib kimi fəaliyyətini davam etdirmək istəyən şəxs peşəkar mühasib sertifikatının qüvvədəolma müddətinin sonuncu ilində növbəti sertifikatı almaq üçün yenidən imtahanlarda iştirak etməli və peşəkar mühasib sertifikatı almalıdır. Sözügedən sertifikatı alaraq fəaliyyətə başlayan şəxs sonradan iki dəfə eyni standart üzrə sertifikat aldıqda, sonuncu sertifikat ömürlük verilir və həmin şəxs qeyd olunan standart üzrə peşəkar mühasib kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı imtahana cəlb olunmur.