Azərbaycanın Türkiyədəki səfiri İstanbulda media nümayəndələri ilə görüşüb

Azərbaycanın Türkiyədəki səfiri İstanbulda media nümayəndələri ilə görüşüb

02 Dekabr 2025

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov İstanbulda Türkiyə və Azərbaycanın bu ölkədəki aparıcı media qurumlarının rəhbərləri və nümayəndələri ilə görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüş Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) rəhbəri, professor Aygün Attarın təşkilatçılığı ilə Qarabağ Zəfərinin 5-ci ildönümü münasibətilə təşkil olunan tədbirlər çərçivəsində reallaşıb.

“Ayrılarmı könül candan” mövzusunda xüsusi səhər yeməyi masası ətrafında təşkil edilən proqramda iki qardaş ölkə arasındakı münasibətlər və gündəmdə olan mövzular müzakirə olunub.

Görüş iştirakçıları ilə fikirlərini bölüşən professor Aygün Attar vəqfin yaradılma məqsədi, əsas prinsipləri və Türkiyə–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib.

O, həmçinin vəqfin bu günə qədər həyata keçirdiyi mühüm layihə və təşəbbüslər barədə məlumat verib.

Bildirilib ki, son 5 ildə Türkiyənin və Azərbaycanın milli mətbuatında, o cümlədən televiziya kanallarında geniş əks-səda doğuran, beynəlxalq səviyyədə 135-dən çox tədbir həyata keçirən vəqf bu günə qədər təxminən 29 min iştirakçını qəbul edib, Türk dünyası televiziya kanallarında beş il ərzində 400 saatdan artıq televiziya proqramı və sənədli filmin yayımlanmasına nail olub.

Qeyd edilib ki, vəqfin nəzdində TADİV Strateji Araşdırmalar Mərkəzi, Şuşa Konqres Mərkəzi və Mədəniyyət Evi fəaliyyət göstərir.

Aygün Attar çıxışında Azərbaycan-Türkiyə birlik və qardaşlığının tarixi, iki ölkə arasındakı əlaqələrin keçmişi və bu münasibətlərin Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatmasına geniş yer verib.

Sonra səfir Rəşad Məmmədov media qurumlarının təmsilçilərinin suallarını cavablandırıb.

Səmimi şəraitdə keçən görüşdə səfir iştirakçılara Zəngəzur dəhlizi, bu yolun bölgəmiz, eləcə də dünya üçün əhəmiyyəti və təhlükəsizliyi, Qarabağ Zəfərindən sonra bölgədə yaranan vəziyyət, sülh sazişinə gedən yol, bu razılaşmanın yaratdığı perspektivlər, Azərbaycanın regionda dayanıqlı sülhün təmini yolunda atdığı addımlar, Vətən müharibəsi dövründə Türkiyə dövləti və xalqının ölkəmizə verdiyi siyasi və mənəvi dəstək barədə geniş məlumat verib.

Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva da iştirak edib.