Daxili Qoşunların Şuşanın alınmasında fəaliyyəti ilə bağlı tarixi faktlar açıqlanıb

Daxili Qoşunların Şuşanın alınmasında fəaliyyəti ilə bağlı tarixi faktlar açıqlanıb

12 Mart 2026

Daxili Qoşunların Vətən Müharibəsində Şuşanın alınmasında fəaliyyəti ilə bağlı tarixi faktlar açıqlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, 2020-ci il noyabrın 8-də Daxili Qoşunların Hadrut qəsəbəsində xidməti-döyüş tapşırıqlarını yerinə yetirən şəxsi heyətinin fəaliyyət istiqamətinin dəyişdirilməsi ilə bağlı tarixi faktları açıqlayıb. Vurğulanıb ki, o gün 500 nəfərdən ibarət heyətə Şuşa şəhəri istiqamətində hərəkət edərək döyüş tapşırığını yerinə yetirmək əmri verilib.

Həmin günün ikinci yarısında, axşam saatlarında 30-a yaxın hərbi avtomobildən ibarət karvan yağışlı hava şəraitində, çətin və sıx meşəlikdən keçən dağ yolları ilə hərəkətə başlanıb. Döyüşçülər düşmənin diqqətini cəlb etməmək üçün avtomobillərin işıqlarını yandırmadan, ay işığında irəliləyiblər.

Gecə yarısı karvan düşmən tərəfindən minaatan atəşinə tutulur və nəticədə 15 hərbi qulluqçu yaralanır. Buna baxmayaraq, şəxsi heyət döyüş tapşırığını dayandırmadan hərəkətini davam etdirib.

Noyabrın 9-u səhər saat 07:30 radələrində Daxili Qoşunların bölmələri Şuşa şəhərinə daxil olub. Onlar ilk növbədə şəhərin müdafiə və mühafizəsinin gücləndirilməsi, eləcə də qarşıya qoyulan digər xidməti-döyüş tapşırıqlarını icra ediblər.

Daxili Qoşunların şəxsi heyəti Şuşada xidməti-döyüş fəaliyyətini 2023-cü il 12 oktyabr tarixinədək davam etdirib.

Bununla yanaşı qeyd olunmalıdır ki, Xüsusi Təyinatlı Qüvvələrlə birgə döyüş əməliyyatlarında iştirak edən Daxili Qoşunların xüsusi təyinatlıları ilə birgə noyabrın 2-dən etibarən Hadrut qəsəbəsində yerləşən təxminən 350 nəfərlik şəxsi heyət də Şuşa istiqamətindəki əməliyyatlara cəlb olunub və şəhərin düşməndən azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstəriblər.

Şuşa uğrunda döyüşlər Azərbaycan hərb tarixinin ən şanlı səhifələrindən biridir. Bu zəfərin qazanılmasında Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları da yüksək igidlik, qətiyyət və vətənə sədaqət nümayiş etdiriblər.