Fermer qadınların uğurları təbliğ edilir -

Fermer qadınların uğurları təbliğ edilir - FOTO

20 Noyabr 2024

Noyabrın 20-də Naxçıvan Dövlət Universitetində “Lider fermer qadınların gənclər arasında təbliği” mövzusunda maarifləndirici tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin müəllimi Turan Məmmədli açaraq mövzunun əhəmiyyətini qeyd edib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Könül Babayeva fermer qadınların biznes mühitinə inteqrasiyasının dəstəklənməsi, onların sosial və iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, 2019-2022-ci illər ərzində qadınların sahibkarlıq və kiçik bizneslə məşğul olması, eləcə də ailə təsərrüfatlarının qurulması və genişləndirilməsi istiqamətində sosial layihələr icra olunub, qadınlara fəaliyyət istiqamətlərinin inkişafı və genişləndirilməsi üçün sərmayə kapitalı verilib. Sərmayə kapitalından yararlanan qadınlar öz iqtisadi imkanlarını genişləndirərək məhsuldarlığı artırıblar.

Fermer qadınlar həm öz ailələrinə, həm də cəmiyyətə faydalı olma imkanı əldə ediblər. Ümumilikdə 4 il ərzində Azərbaycan Respublikası Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 192 qadına 156 min 250 manat dəyərində sərmayə kapitalı verilib. Komitə tərəfindən mütəmadi olaraq aparılan monitorinqlərdə qadınların sərmayə kapitalından düzgün istifadə etdikləri çıxışlar zamanı qeyd olunub.

Tədbirdə uğurlu fəaliyyəti ilə diqqət çəkən fermer qadınlardan Rəfayə İbrahimova və Nərgiz Urmiyeva məşğulluqlarının təmin olunmasından və bu sahədə qazandıqları nailiyyətlərdən danışıblar.

Tədbirdən ümumilikdə 45 tələbə gənc yararlanıb.