Gənclər və texnologiya: Mənfi təsirlər
Texnologiya dünyası sürətlə inkişaf edir və həyatımızın ayrılmaz bir hissəsinə çevrilir. Bu inkişaf tibb, təhsil və digər sahələrdə müsbət təsirlər göstərir və həyat tərzimizə müxtəlif yeniliklər gətirir. Bu müsbət tərəfləri saymaqla bitməz, amma mənim diqqətimi texnologiyanın həyatımıza olan mənfi təsirləri çəkir.
Artıq demək olar ki, hər kəsin əlində bir və ya iki smartfon var və çox az sayda insan hələ də "düyməli" telefonlardan istifadə edir. Bu smartfonlar vasitəsilə hər cür məlumatı əldə edib paylaşa bilirik. Videolar, musiqilər, bank əməliyyatları — hər şey artıq bir neçə toxunuşla mümkündür. Texnologiya həyatımıza bu qədər daxil olub ki, sanki artıq ayrılmaz bir parçamızdır.
Ancaq texnologiyanın gətirdiyi müsbət təsirlərlə yanaşı, onun mənfi tərəfləri də özünü göstərir. Smartfonlar vasitəsilə aqressiyanı təşviq edən oyunlar oynamaq və mənfi təsir göstərən məlumatlar əldə etmək mümkündür. Bu oyunlar, xüsusilə gənc nəsil arasında nəzarətsiz şəkildə yayılaraq cəmiyyətin gələcəyini təhdid edir. Unutmayaq ki, gənc nəsil cəmiyyətin gələcəyini formalaşdıracaq, onların düşüncə tərzi və psixologiyası isə gələcək cəmiyyətin əsasını təşkil edəcəkdir.
Quranın ilk nazil olan ayəsi İslam Peyğəmbərinə (s.a.s) "Oxu!" kəliməsi ilə enmişdir. Bu söz yalnız səsli oxumaq mənasında deyil, həm də düşünmək, anlamaq və başqalarına çatdırmaq mənasında istifadə olunur. Bugünkü gənclərin elmə meyilliliyinə nəzər yetirək. Mən oyun oynamağın qarşısını almaq istəmirəm, amma gənclərimizin vaxtlarını mənfi təsir göstərən oyunlara və sosial şəbəkələrdəki boş məlumatlara sərf etmələrini istəmirəm.
Aqressiv oyunlar, filmlər və sosial şəbəkələrdə yayılan bayağı məlumatlar gənclər üçün bir neçə növ təhlükə yarada bilər:
* Zorakılığa təşviq: Aqressiv oyunlar və filmlər gənclərdə zorakılığa qarşı maraq və ya qəbul etmə hissi yarada bilər. Bu isə real həyatda aqressiv davranışları təkrarlama ehtimalını artırır.
* Emosional və psixoloji təsir: Bayağı məlumatlar və qeyri-etik məzmun gənclərin psixoloji vəziyyətinə mənfi təsir göstərir, onların özünəinamına və emosional tarazlığına zərər verə bilər.
* İnformasiya qarışıqlığı: Sosial şəbəkələrdə yayılan yanıltıcı məlumatlar gənclərin düzgün qərarvermə bacarığını zəiflədir, onların dünyagörüşünü və əxlaqi dəyərlərini poza bilər.
* Sosial təcrid və asılılıq: Aqressiv oyunlar və sosial şəbəkələrə həddindən artıq bağlılıq gəncləri sosial həyatdan təcrid edə bilər, real insan əlaqələrini itirmələrinə səbəb olar. Nəticədə, depressiya və anksiyete kimi problemlər yarana bilər.
* Zehni inkişafın pozulması: Gənclər çox vaxt virtual dünyada keçirərək yaradıcılıq, problem həll etmə və sosial bacarıqlarını itirə bilərlər. Bu da real həyatda qarşılaşdıqları çətinliklərlə baş etmə qabiliyyətlərini azaldar.
Bütün bu faktorlar birləşərək gənclərin həyat keyfiyyətinə və gələcək perspektivlərinə mənfi təsir göstərir. Gənclərin texnologiyadan daha sağlam şəkildə istifadə etmələri üçün bir neçə vacib addım atmaq lazımdır:
* Gənclərə texnologiyanın həm müsbət, həm də mənfi tərəfləri haqqında doğru məlumat vermək vacibdir.
* Gənclərin texnologiya ilə keçirdikləri vaxtı məhdudlaşdırmaq lazımdır. Uşaqlar və yeniyetmələr üçün müəyyən saatlar çərçivəsində oyun oynamaq və ya sosial şəbəkələrdə vaxt keçirmək yerinə, sosial fəaliyyətlərə və fiziki aktivliyə yönəlmək faydalıdır.
* Ailələr və müəllimlər gənclərə yaxşı nümunə olmalıdır. Gənclər ətraflarındakı insanların texnologiyadan düzgün və balanslı şəkildə istifadə etdiyini görsələr, bunu öz həyatlarına da tətbiq edərlər.
* Gənclərin maraqlarını və bacarıqlarını inkişaf etdirmək üçün idman, sənət və digər yaradıcılıq fəaliyyətləri təşviq olunmalıdır. Bu fəaliyyətlər həm zehni, həm də fiziki sağlamlığı dəstəkləyir.
* Texnologiya yalnız mənfi deyil, həm də təhsil və şəxsi inkişaf sahəsində müsbət təsir göstərə bilər. Gəncləri təhsil məqsədli tətbiqlərlə tanış etmək, öyrədici və yaradıcı məzmunlar üzərində işləmələrini dəstəkləmək faydalı ola bilər.
Bu addımlar, gənclərin texnologiyadan sağlam və balanslı şəkildə istifadə etmələrini təmin etmək üçün vacibdir.
İlkin QAZİYEV