
Hüseyn Cavidin lampası - Bəhruz Axundovla söhbət
Bəhruz Axundov – Hüseyn Cavidin ruhunu öz ruhunda yaşadan insan
Ömrünün 39 ilini Hüseyn Cavid dünyasına, onun yaradıcılığına həsr etmiş bu şəxs Bəhruz Axundovdur!
Bu dəfə də Bəhruz müəllimlə Hüseyn Cavidin ev muzeyində görüşdük. Hər dəfə muzeyi Bəhruz müəllimlə birlikdə ziyarət edəndə unudulmaz xatirələrlə, maraqlı məlumatlarla tanış olmamaq mümkün deyil. Bu muzeyi onunla gəzmək tamamilə başqa bir aləmdir. Çünki o, burada hər bir eksponatın tarixçəsini, hekayəsini dəqiqliyi ilə bilir. Muzeydəki hər bir əşyanın bu gün burda olması onun zəhmətinin nəticəsidir.
Muzeyin ən dəyərli eksponatlarından biri də masa və onun üzərində yerləşən bir lampadır. Həmişə diqqətimi çəkən bu lampa haqqında Bəhruz müəllimdən soruşdum. O, hər zamankı kimi asta, təmkinlə və böyük həvəslə sualımı cavablandırmağa başladı.
Bəhruz müəllim deyir ki:
"Hüseyn Cavidin ev muzeyinə gələn hər bir insan Cavid dünyasına böyük hörmət və ehtiramı olan insanlardır. 1993-cü ilin bir yay günündə Maarif Teymurov və Akif İmanov muzeyi ziyarətə gəlmişdilər. Muzeyi gəzdik, Cavidi xatırladıq, ruhuna rəhmət oxuduq. Maarif müəllim dedi ki, gedək Əziz Şərifin bibisinin qızı Matan xanımı da görək.
Biz Matan xanımgilə getdik. Qonaqları görən Matan xanım çox sevindi. Səmimi söhbət etdik, sonra hamımız birlikdə foto çəkdirdik. Bir neçə gün sonra mən fotonu çıxartdırıb Matan xanımgilə apardım. O, fotonu görüb sevindi. Mənə dedi ki, gözlə, sənə bir verəcəyim var. Beş dəqiqə sonra əlində bir lampa ilə qayıtdı".
Lampanı mənə uzadıb dedi ki: Bu, Hüseyn Cavidin lampasıdır. Açığı, lampanı görəndə qəhərləndim. Onun hər tərəfinə baxdım. Sanki, Cavidin baxışlarını hiss etdim. Lampanı muzeyə gətirdim, şəklini çəkib Turan xanıma göndərdim. Turan xanım "Bəli, atamın lampasıdır", dedi. O da çox sevinmişdi. Lampanı muzeyə gətirib Cavidin yazı masası üzərinə qoydum. İndi o lampa muzeyin ən dəyərli eksponatlarından biridir.
Bəhruz müəllim deyir ki, Hüseyn Cavidin hər bir əşyasında onun izi, nəfəsi, baxışları var. Bəhruz müəllimi dinlədikcə sanki Cavidin yaşadığı dövrə qayıdırsan. O, Hüseyn Cavidə və ailəsinə məxsus olan hər bir əşyanı öz ən dəyərli əşyası kimi qoruyub saxlayır.
Muzeydəki hər bir eksponatın tarixçəsini yalnız Bəhruz müəllim daha dəqiq və ətraflı bilir. Çünki o, hər bir eksponatın muzeyə necə gətirildiyinin şahididir.
Ömrünün ən gözəl çağlarını Hüseyn Cavidin irsinin yaşadılmasına, təbliğatına və qorunmasına həsr etmiş bir insanla görüşmək, onu dinləmək, həqiqətən, böyük xoşbəxtlikdir. Yeni söhbətləri sizinlə paylaşmaq ümidi ilə...
Ulduz Eyvazqızı
Jurnalist