İman, birlik və şükrün təntənəsi
Zəfər təkcə hərbi qələbə deyil, həm də ilahi ədalətin təcəllası, imanın və səbrin bəhrəsi, bir millətin ruhani dirçəlişinin təntənəsidir.
Qurani-Kərimdə buyurulur: “Həqiqətən, Allah ədaləti, yaxşılığı və qohumlara kömək etməyi əmr edir...” (Nəhl, 90).
Azərbaycan xalqı uzun illər boyu ədalətsizliyə məruz qaldı, amma heç zaman imanını itirmədi. Hər bir azərbaycanlı inanırdı ki, haqq olan yerdə mütləq Allahın ədaləti təcəlli edəcək. Və Azərbaycan dövlətinin zəfəri, qələbəsi həmin ilahi ədalətin reallaşdığı, Allahın xalqımıza nəsib etdiyi böyük nemətdir.
Vətən müharibəsi dövründə əsgərlərimizin dodaqlarında “Allahu Əkbər” nidası səslənirdi. Bu nida təkcə döyüş çağırışı deyil, həm də imanın qalxanı, qorxunun dərmanı idi. Uca Allah buyurur: “Əgər siz Allaha kömək etsəniz, O da sizə kömək edər və ayaqlarınızı möhkəmlədər.” (Məhəmməd, 7).
Xalqımızın birliyi, dövlətə, orduya və Ali Baş Komandana olan etimadı məhz bu ayənin canlı təcəssümü idi. İman, birlik və ədalət yolunda atılan hər addım bizi Zəfərə yaxınlaşdırdı.
Bu böyük Qələbə şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı ilə qazanıldı. Qurani-Kərimdə bu barədə buyurulur: “Allah yolunda öldürülənləri ölü sanmayın. Xeyr, onlar diridirlər, Rəbbinin yanında ruziləndirilirlər.” (Ali-İmran, 169). Bu ayə bizə xatırladır ki, Vətən uğrunda canını fəda edənlər əbədi yaşayır. Onların şəhadəti bizim üçün müqəddəs bir əmanətdir. Hər bir şəhidin ruhu bu torpaqlarda, bu səmanın altında nura çevrilib.
Zəfər təkcə sevinmək deyil, həm də şükr etmək zamanıdır. Çünki hər nemət, hər qələbə Allahın lütfüdür. Uca Yaradan buyurur: “Əgər şükür etsəniz, sizə olan nemətimi artıraram.” (İbrahim, 7).
Bu gün xalqımız Uca Yaradanın qarşısında baş əyərək şükür edir – qazandırdığı qələbəyə, qoruduğu dövlətə, birləşdirdiyi millətə görə. Zəfər Günü həm də gələcək nəsillərə mesajdır: bu torpaqlar dua ilə, imanla və qanla qorunub. Bu nemətin qədrini bilmək, dövlətə və millətə sədaqətlə xidmət etmək hər bir azərbaycanlının borcudur.
İslam dini həm də sülhün, mərhəmətin və bağışlamağın dinidir. Qələbədən sonra da xalqımız ədalətə sadiq qalaraq, düşməninə nifrətlə deyil, ədalət və mərhəmətlə yanaşır. Bu, əsl mənəvi böyüklükdür. Bizim zəfərimiz nifrətin deyil, ədalətin, işğalın deyil, azadlığın zəfəridir.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, dövlətimizə qüvvət, xalqımıza firavanlıq bəxş etsin. Uca Yaradan Azərbaycanı və Ali Baş Komandanı daim qorusun və bu müqəddəs Zəfəri bizə nəsib etdiyi kimi, gələcək nəsillərə də imanla yaşatmağı qismət etsin.
Əli ORUCOV
Naxçıvan Muxtar Respublikası Qazısı Yanında Şuranın sədri








