İqtisadçı: İşsizlik qlobal problemdir, lakin Naxçıvanda bu göstəricinin minimuma endirilməsi mümkün və real hədəfdir
“NAXÇIVANXƏBƏRLƏRİ”-nə açıqlama verən iqtisadçı Cavadxan Qasımov bildirib ki, Naxçıvan Muxtar Respublikasında ölkə başçısı tərəfindən aparılan iqtisadi islahatlar regionun Azərbaycanın ümumi iqtisadi sisteminə inteqrasiyasını sürətləndirir və dayanıqlı inkişaf üçün yeni imkanlar yaradır.
İqtisadçı qeyd edib ki, yeni istehsal sahələrinin yaradılması, əmək bazarının tənzimlənməsi və məşğulluğun artırılması üzrə həyata keçirilən tədbirlər bölgədə iqtisadi fəallığın yüksəlməsinə səbəb olur. Onun sözlərinə görə, məşğulluq siyasətinin prioritet istiqamət kimi müəyyən edilməsi Naxçıvanın uzunmüddətli sosial-iqtisadi sabitliyinə xidmət edir.
Cavadxan Qasımov vurğulayıb ki, iqtisadi idarəetmədə uzun illər ərzində yığılan problemlər işçi qüvvəsinin digər bölgələrə axınına yol açmışdı:
“İşsizlik qlobal problemdir, lakin Naxçıvanda bu göstəricinin minimuma endirilməsi mümkün və real hədəfdir”.
Aqrar sahədə mövcud vəziyyətə toxunan iqtisadçı torpaqlardan səmərəli istifadə olunmamasının kənd təsərrüfatına mənfi təsir göstərdiyini bildirib. Onun fikrincə, torpaqların təyinatı üzrə istifadəsi, idarəetmədə şəffaflığın artırılması və aqrar-sənaye kompleksinin genişləndirilməsi Naxçıvan iqtisadiyyatının dayanıqlığını daha da möhkəmləndirəcək. İqtisadçı xüsusilə qeyd edib ki, dövlət səviyyəsində həyata keçirilən proqramlar regionların inkişafına güclü dəstək verir.
Bu yanaşma Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları ilə görüşdə səsləndirdiyi fikirlərdə də öz əksini tapır.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın bütün bölgələri ən yüksək standartlara cavab verməli, yerli idarəçilər isə insanlarla daimi təmasda olmalı, onların qayğılarını yerindəcə həll etməlidirlər.
Prezident bildirib ki, son illər ərzində ölkədə həyata keçirilmiş genişmiqyaslı infrastruktur layihələri – beynəlxalq hava limanları, yeni dəmir yolları, magistral avtomobil yolları, elektrik və su təsərrüfatı üzrə yenilənmələr – regionların inkişafını əhəmiyyətli dərəcədə sürətləndirib və əhalinin rifahına xidmət edir. Bunun müqabilində yerli rəhbərlərin üzərinə düşən əsas vəzifə verilmiş etimadı əməli fəaliyyətlə doğrultmaqdır.
Cavadxan Qasımovun sözlərinə görə, Naxçıvanda həyata keçirilən iqtisadi islahatlar dövlət başçısının müəyyən etdiyi prioritetlərə uyğun olmalı, bölgədə şəffaf idarəetmənin, dayanıqlı inkişafın, sosial rifahın gücləndirilməsinə hesablanmalıdır.
Müsahibəni hazırladı:
Nəzrin UMAY









