Kəngərlidə “Zəfər Gəncliyi Festivalı” keçiriləcək

Kəngərlidə “Zəfər Gəncliyi Festivalı” keçiriləcək

03 Noyabr 2025

8 Noyabr - Zəfər Günü münasibətilə Kəngərli rayon Qarabağlar kəndindəki eyniadlı tarixi türbənin ərazisində “Zəfər Gəncliyi Festivalı” – Kəngərli 2025” təşkil olunacaqdır.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən birgə təşkil olunacaq tədbir noyabrın 4-ü saat 15:00-da başlayacaq.

Festivalda vətənpərvərlik mahnıları və kompozisiyalar, həmçinin rəsm sərgisi, kitab və əl işləri stendləri, idman nümayişləri və oyun zonaları təqdim olunacaq. Ziyarətçilər “Əsgərə məktub” və “Sağlam gənclik” zonalarında iştirak edə, müxtəlif fəaliyyətlərdə öz bacarıqlarını nümayiş etdirə biləcəklər. Sonda ictimai həyatda fərqlənən gənclər, eləcə də “Ən yaxşı rəsm nümunəsi”, “Ən yaxşı guşə” və oyun qalibləri mükafatlandırılacaq.

“Zəfər Gəncliyi Festivalı – Kəngərli 2025”in əsas məqsədi tarixi Zəfərinin əhəmiyyətini gənclərə çatdırmaq, onlarda vətənpərvərlik ruhunu möhkəmləndirmək və yaradıcılıq, sağlam həyat tərzi, ictimai fəallıq kimi dəyərləri təşviq etməkdir. Tədbir həm də şəhidlərimizin əziz xatirəsinə ehtiramın, milli birlik və qürur hissinin təcəssümüdür.