Kəngərlidə “Zəfər Gəncliyi Festivalı – Kəngərli 2025” keçirilib -

Kəngərlidə “Zəfər Gəncliyi Festivalı – Kəngərli 2025” keçirilib - FOTO

04 Noyabr 2025

Noyabrın 4-də Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən Qarabağlar Türbə Kompleksi ərazisində 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfər Gəncliyi Festivalı – Kəngərli 2025” adlı tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən birgə təşkil olunan festivalda sakinlər, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən  məlumata əsasən, tədbirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxışında bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın birliyi nəticəsində əldə olunan Zəfər Azərbaycanın qüdrətini və milli həmrəyliyini bir daha dünyaya göstərdi. O qeyd edib ki, Vətən müharibəsində gənclərimizin göstərdiyi igidlik və fədakarlıq bu tarixi Qələbənin əsas dayağı olub.

Gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov isə vurğulayıb ki, Azərbaycan gəncliyi müharibədə qəhrəmanlıq göstərməklə yanaşı, bu gün də dövlətimizin inkişafında fəal iştirak edir. Qeyd olunub ki, dövlət başçısının diqqət və qayğısı nəticəsində ölkə gənclərinin hərtərəfli inkişafı təmin olunur, müxtəlif dövlət proqramları və layihələr sayəsində gənclər sağlam və uğurlu mühitdə formalaşırlar. Nazir müavini həmçinin gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlərdən bəhs edib, “Zəfər Gəncliyi Festivalı”nın gənclərdə milli ruhun, dövlətə və Vətənə bağlılıq hisslərinin yaşadılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Şəhid Ülvin Cəfərovun atası Habil Cəfərov çıxışında bildirib ki, onların övladları Vətən torpağı uğrunda canlarını fəda ediblər ki, bu gün Azərbaycan xalqı azad və qürurlu yaşasın. O qeyd edib ki, şəhidlərin qanı ilə suvarılan bu torpaqlarda böyüyən gənclər azadlığın, müstəqilliyin və Zəfər ruhunun daşıyıcıları kimi formalaşır, bu ruhu yaşadaraq qoruyurlar.

Vətən müharibəsi iştirakçısı, qazi Şakir Babayev çıxışında döyüş yoldaşlarının qəhrəmanlığını xatırladaraq Zəfərin əsasını gənc nəslin Vətən sevgisinin qoyduğunu bildirib.

Kəngərli rayonunun fəal gənci Hacı Məmmədov isə dövlətin gənclərə göstərdiyi diqqət və qayğının onları daha da məsuliyyətli və Vətənə bağlı etdiyini vurğulayıb.

Çıxışlardan sonra festivalın bədii hissəsində gənclərin ifasında vətənpərvərlik mövzusunda kompozisiyalar təqdim olunub. Daha sonra Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin kollektivi və ansamblı tərəfindən konsert proqramı təqdim edilib. Proqramda “Gözəl Vətən”, “Heydər Babaya Salam”, “Azərbaycan” kimi vətənpərvərlik ruhlu mahnılar səsləndirilib, “Pənah gözəlləməsi” saz havası ifa olunub, “Təncərə yallısı” ilə tədbirə xüsusi rəng qatılıb.

Festivalın davamında Kəngərli rayonunun ictimai-mədəni həyatında fəallığı ilə seçilən bir qrup gəncə plaketlər, festivalda stendlər üzrə təqdimatlara görə isə təşəkkürnamələr təqdim olunub.

Tədbirin sonunda rəsmilər festivalın stendləri və zonalarına baxış keçirib, Zəfər Gününə həsr olunmuş rəsm, əl işləri, o cümlədən yerli istehsal məhsulları ilə tanış olublar. İdmançıların nümunəvi çıxışları alqışlarla qarşılanıb.

Əlavə edək ki, iştirakçıların “Əsgərə məktub” zonasında Ordumuzun əsgər və zabit heyətinə ünvanladığı məktublar müxtəlif ərazilərdə yerləşən hərbi hissələrə çatdırılacaq.