Komitə əməkdaşına təltif olunma ilə bağlı nişan təqdim olunub -

Komitə əməkdaşına təltif olunma ilə bağlı nişan təqdim olunub - FOTO

30 İyul 2025

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Bəxtiyar Məmmədovun 23 iyun 2025-ci il tarixli “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncamını iştirakçıların diqqətinə çatdıraraq bildirmişdir ki, əməyi qiymətləndirilən dövlət qulluqçuları arasında Aparatın Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Hüseynova Firuzə İsmayıl qızı da vardır. O, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunmuşdur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Ramilə Seyidova Komitə əməkdaşının təltif olunmasını bilavasitə Komitənin fəaliyyətinə verilən yüksək dəyər və diqqət kimi qiymətləndirərək öz növbəsində verilən təltifə görə, eləcə də əməyə verilən yüksək qiymətə görə minnətdarlığını bildirmiş, nişan və təltif vəsiqəsini F. Hüseynovaya təqdim edərək, ona həyat və fəaliyyətində uğurlar arzulamışdır.

Çıxış edən Firuzə Hüseynova da öz növbəsində əməyinə verilən yüksək qiymətə görə dövlətimizə minnətdarlığını bildirərək, bundan sonra da daha əzmlə çalışacağına, dövlət qulluqçusu adına layiq olacağına, üzərinə qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəyinə söz vermişdir.

F. Hüseynovaya Komitə kollektivi adından gül dəstəsi və hədiyyə təqdim edilmişdir.