Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına fevralın 15-də keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələrini elan edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, imtahanda bir nəfər 96 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib.
İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən 17 mart 2026-cı il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 13 mart saat 10:00-dan 15 mart saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq.
Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq.
Bakalavrların nəzərinə çatdırırıq ki, magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat 1 – 14 aprel 2026-cı il tarixlərində aparılacaq. İmtahan isə mayın 17-də keçiriləcək.








