Mənzil toxunulmazlığının pozulmasına görə hansı məsuliyyət nəzərdə tutulub? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Mənzil toxunulmazlığını pozmağa görə cinayət qanunvericiliyində hansı məsuliyyət nəzərdə tutulub?
Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmağa görə—
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə—
iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 157.1 və ya 157.2-ci maddələrində nəzərdə tutulmuş əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırıldı.








