
“Milli Qurtuluş Günü və yerli özünüidarəetmənin inkişafı” mövzusunda tədbir keçirilib - FOTO
İyun ayının 12-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluş Günü və yerli özünüidarəetmənin inkişafı" mövzusunda muxtar respublika üzrə fəaliyyət göstərən bələdiyyə üzvlərinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə rayonlar üzrə bələdiyyə nümayəndələri, ictimaiyyətin fəal üzvləri və dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra çıxışlar və təqdimatlarla konfrans öz işinə başlayıb. İlk olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş şöbəsinin rəisi Xəyal Eyvazov “Naxçıvandan Bakıya: Milli Qurtuluş tariximizin başlanğıcı” mövzusunda çıxış edib. O, Ümummilli liderin Naxçıvana qayıdışının Azərbaycanın müstəqilliyi və sabitliyi üçün dönüş nöqtəsi olduğunu vurğulayıb.
Ardınca AMEA-nın Naxçıvan bölməsinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Milli Qurtuluş Missiyası: Böyük xilaskarlıqdan ümummilli zəfərə” mövzusunda çıxış edib. O, çıxışında dahi şəxsiyyətin xilaskarlıq missiyasının yalnız o dövrün deyil, həm də müasir Azərbaycanın inkişaf tarixinin əsas dayağı olduğunu qeyd edib. Ramiz Qasımov həmçinin bu siyasi irsin nəticələrinin bugünkü uğurlarımızda əks olunduğunu da bildirib.
Naxçıvan bələdiyyəsinin sədri Tahir Hüseynli "Milli Qurtuluş Günü və yerli özünüidarəetmədə yeni mərhələ" mövzusunda çıxış edərək, Ulu Öndərin dövlətçilik siyasətinin bu gün də uğurla davam etdirildiyini qeyd edib.
Kolanı kənd bələdiyyəsinin sədri Gülnarə İsmayılova “Bələdiyyə institutunun formalaşmasının tarixi əhəmiyyəti” barədə məruzəsində yerli özünüidarəetmənin inkişafında Ulu öndərin xüsusi roluna toxunub.
Dəstə kənd bələdiyyəsinin sədri Tofiq Babayev “Yerli özünüidarəetmənin konstitusion əsasları” mövzusunda çıxışında bələdiyyə institutunun hüquqi əsaslarının və konstitusiyada əksini tapan səlahiyyətlərin əhəmiyyətini vurğulayıb.
Konfransın sonunda Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini əks etdirən videoçarx nümayiş olunub.