Mirzə Fətəli Axundzadənin Ana dili və onun tədrisi haqqında fikirləri

Mirzə Fətəli Axundzadənin Ana dili və onun tədrisi haqqında fikirləri

23 Oktyabr 2024

Yeni Azərbaycan maarifçiliyi və ictimai fikrin ən böyük nümayəndəsi inqilabçı-demokrat, peşəkar filosof, görkəmli ictimai xadim və pedaqoq olan M.F.Axundzadə özünün zəngin ədəbi, bədii publisist və fəlsəfi fikirlərində, praktik pedaqoji fəaliyyətində ana dili məktəbi uğrunda ardıcıl mübarizə aparmış və unudulmaz irs qoymuşdur.

Mütərəqqi Şərq, Rus və Avropa mədəniyyəti ilə yaxından tanış olan M.F.Axundzadənin ən mühüm xidmətlərindən biri məktəb təliminin ana dilində aparılmasına çalışması idi.

Məlum olduğu kimi bir neçə əsr ərzində Azərbaycanda hökmranlıq edən yadelli işğalçılar uşaq və gənclərin ana dilində təliminə etinasız yanaşırdılar. Yadelli ölkədə insan ideologiyasını yaymaq və möhkəmləndirmək məqsədilə Azərbaycan dilini assimilyasiya  edir, Şərq ölkələrində olduğu kimi, burada da ərəb və fars dilləri məktəb və mədrəsələrdə əsas tədris dili hesab edilir, elmi ədəbi və bədii əsərlər əsasən bu dillərdə yazılırdı.

Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı öz ana dilini yadelli işğalçılardan mühafizə edib saxladı.

XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi təlimin ana dilində aparılması ideyasının meydana gəlməsinə və inkişaf etməsinə əlverişli zəmin yaratdı. O vaxtlar Azərbaycan dili təkcə Zaqafqaziyada deyil, bütün yaxın Şərqdə böyük rol oynayırdı. “Fransız dili ilə Avropanı dolanmaq mümkün olduğu kimi bu dillə “Asiyanı başdan-başa dolanmaq olardı (Bestujev-Marlinski).

Zaqafqaziyada olan səyyahlar, alim və yazıçılar bu dilə böyük əhəmiyyət verirdilər. Böyük rus xalqının mütərəqqi nümayəndələri Azərbaycan mədəniyyətinə və dilinə böyük ehtiram bəsləyir, onu öyrənməyə çalışırdılar. Məşhur rus yazıçısı A.S.Qriboyedovun, dahi rus şairi A.S.Puşkinin A.A.Bakıxanovla yaxınlığı və ona böyük hörmət bəsləmələri, M.Y.Lermantovun Azərbaycan dilini və folklorunu öyrənməsi, yazıçı və dekabrist Bestujev-Marlinskinin M.F.Axundzadə ilə dostluğu və Azərbaycan dilini öyrənməyə başlaması, onu yüksək qiymətləndirməsi Azərbaycan və rus xalqları arasında mədəni, ədəbi və pedaqoji əlaqələrin qızıl səhifələrini təşkil etməklə bərabər bu dilin məktəblərdə tədris edilməsinə xeyli kömək etdi. Bu vaxta qədər əhali arasında yalnız danışıq dili olan Azərbaycan dili artıq müstəqil bir fənn kimi Azərbaycan şəhərləri ilə bərabər  Qafqazın Tiflis, İrəvan, Dərbənd, Kutaisi, Stavropol, Qori və s. kimi iri şəhərlərində yeni açılmış dövlət məktəblərinin tədris planına daxil edildi. Digər millətlərdən, ilk növbədə isə ruslardan olan şagirdlərin Azərbaycan dilinə belə əhəmiyyət verməsi, həm də çarizmin müstəmləkəçi təhsil siyasətindən irəli gəlirdi. Bununla belə həmin hadisə müəyyən dərəcədə rus və Azərbaycan xalqları arasında qarşılıqlı əlaqənin möhkəmlənməsinə xidmət edirdi.

Dövrünün tanınmış ziyalılarından olan M.F.Axundzadə öz mütərəqqi müasirləri kimi pedaqoji fəaliyyətə ayrıca əhəmiyyət vermişdir.

Dövlət məktəblərində çalışan azərbaycanlılardan  ilk ana dili müəllimlərinin şərəfli dəstəsinə mənsub olan M.F.Axundzadə Tiflis qəza məktəbində 1834 - 1840-cı illər arasında Azərbaycan dilindən dərs demişdir. Məhz bu dövrdən o təlim-tərbiyənin, xüsusilə ana dili təliminin bir sıra vacib məsələləri ilə də yaxından tanış olmuş və onların həllinə çalışmışdır. Zaqafqaziyanın inzibati mərkəzi olmaqla bərabər, həm də ictimai elmi mərkəz olan Tiflisdə fəaliyyət göstərən M.F.Axundzadə, burada cəmləşən digər millətlərin qabaqcıl nümayəndələri ilə yaxınlığı sayəsində bacarıqlı pedaqoq kimi məşhurlaşdı.

M.F.Axundzadə təkcə dərs deməklə kifayətlənməmiş, həm də ana dili tədrisi qarşısında duran digər mühüm problemlərin də həllində yaxından iştirak etmişdir.

M.F.Axundzadənin pedaqoji fəaliyyətində diqqəti cəlb edən çox mühüm məsələlərdən biri də ana dili dərsliyi ilə bağlıdır. O zamanlar Azərbaycan dilinin tədrisi üçün nə müvafiq dərslik, nə də çap olunmuş oxu kitabları var idi. Bunun əsas səbəbi Azərbaycanın Rusiyaya birləşməsinə qədər ya İran şahlarının, ya da Türkiyə sultanlarının hakimiyyəti altında olması idi. M.F.Axundzadə yazırdı: “İran şahları hakim olduqları zamanda tatarların (azərbaycanlıların – G.Ə.) yazı işləri fars dilində, Türklər hakim olduqları zamanda isə Zaqafqaziyada yaşayan tatarların (azərbaycanlıların – G.Ə) dilindən, kökündən fərqli olaraq türk dilində aparılırdı” .Bütün bunların nəticəsi idi ki, şagirdlər təmiz Azərbaycan dilində ədəbiyyatdan, demək olar ki, məhrum idilər. M.F.Axundzadə yazdığı kimi, əgər bu dildə bəzi əsərlər vardısa da, onlar ya başqa dillərdən tərcümə edilmiş, ya da fars, türk və ya ərəb sözləri ilə dolu, anlaşılmaz bir dildə yazılmışdı. Yəni bu tərcümələr əsasında Azərbaycan dilinin ruhunu anlamaq və bu dili xalqın işlətdiyi vəziyyətdə məktəbdə tədris etmək mümkün deyildi.

Beləliklə, bütün Zaqafqaziyada ilk dövlət məktəblərinin meydana gəlməsi ilə dərsliklər sahəsində acınacaqlı vəziyyət özünü açıq şəkildə göstərirdi. Sonralar, 1853-cü ildə bu məsələdən bəhs edən M.F.Axundzadə yazırdı: “…Hər yerdə qəza məktəbləri açıldığı zaman hökumət başqa fənlərlə bərabər bu məktəblərdə Azərbaycan dilinin öyrənilməsini də lazım bildi. Lakin bu dildə dərs kitabları olmağına görə böyük çətinliklər meydana çıxdı. Bu çətinlikləri aradan qaldırmağa ilk təşəbbüs edənlərdən biri də məhz M.F.Axundzadə olmuşdur. O, yuxarıda göstərilən məktəbdə - Tiflis qəza məktəbində Azərbaycan dili müəllimi vəzifəsində işləyərkən 1893-cü ildə öz həmvətənləri üçün yeni üsulla bir dərs kitabı tərtib etməyə başlamışdır. Üzdəniraq erməni X.Abovyanın bu barədəki yeganə qeydi oxucuya məlumdur. Bu dərsliklə əlaqədar aparılan əlavə axtarışlar, həmçinin mövcud mötəbər tədqiqatlar belə bir qənaətə gəlməyə əsas verir ki, M.F.Axundzadə Tiflis qəza məktəbinin Azərbaycan dili müəllimi vəzifəsindən azad edilməsi ilə əlaqədar olaraq göstərilən dərsliyi yazıb axıra çatdırmamışdır. Onun başladığı bu xeyirxah işi davam etdirmək, M.F.Axundzadənin yerinə müəllim təyin edilmiş Mirzə Şəfi Vazehə nəsib oldu.

M.F.Axundzadə praktik pedaqoji işdən azad olsa da, göstərilən məsələlərin, o cümlədən dərsliklərin hazırlanmasına kömək edir, tərtib edilən dərsliklərə rəsmi rəy verir, ana dili təliminin digər vacib məsələlərini nəzərdən qaçırmırdı.

M.F.Axundzadə Azərbaycan dilinin tədrisindəki çətinlikləri aradan qaldır­maq üçün özünün bədii əsərlərindən məktəblərdə bir tədris vəsaiti kimi istifadə edilməsini məsləhət bilirdi.

M.F.Axundzadənin ana dilinin tədrisi və təlimin ana dilində aparılması, ana dilli məktəb uğrundakı mübarizəsi get-gedə inkişaf edir və yeni-yeni məsələlərin həllini həyati tələb kimi qarşıya qoyurdu. Bu cəhətdən onun “Əkinçi” qəzetində dərc edilən məqalələri xarakterikdir.

Həsənbəy Zərdabinin və onun “Əkinçi” qəzetinin toxunduğu ana dili məktəb, dünyəvi elmlərin öyrənilməsi və s. məsələlər Axundovun nəzərindən qaçmırdı. Əksinə o, qəzetdəki hər bir yazını, ideyanı izləyir və ona öz münasibətini bildirirdi. Qəzetin 1877-ci il 2-ci nömrəsində çap edilən məşhur məqaləsində Axundzadə yazırdı: “Bizim əzizimiz və gözümüzün işığı Həsən bəy! Sən hər qəzetində biz müsəlman tayfasına elmin fəzilətini və səməratını zikr edib, bizə hey təklif edirsən elm öyrənin, elm öyrənin! …Çox yaxşı, sözün biməna və nəsihətin mufid və xeyirxahlığın sabit. İndi biz hazırıq ki, sənin nəsihətini əmələ gətirək. Bizə de görək, elmi harada öyrənək, kimdən öyrənək və hansı dildə öyrənək.

M.F.Axundzadənin ciddi məna kəsb edən həmin məktubunda qaldırdığı üç başlıca məsələ: 1) kütləvi xalq məktəblərinin olmaması; 2) xalq müəllimlərinin çatışmazlığı; 3) ana dilində dərs kitablarının çatışmazlığı o dövrdə ana dili məktəbləri təşkili qarşısında duran çox mühüm və həll edilməsi zəruri, vacib, ictimai və pedaqoji problemlərdən idi.

Bu problemlərdən birincisinə - kütləvi xalq məktəblərinin olmamasına işarə edən M.F.Axundzadə yazırdı: “Əgər şəhərlərdə öyrənək, şəhərlərdə məktəbxanalar yoxdur. Əgər küllişəhər xalqı padşahlıq məktəbxanalarında oxusalar, yer tapılmaz. Deyəcəksən ki, özümüz şəhərlərdə, məktəbxanalar bina edək. Çox yaxşı, hansı istitaət ilə.

İkinci mühüm məsələyə - xalq müəllimlərinin olmaması məsələsinə işarə edən Axundzadə göstərirdi ki, tutaq ki, məktəblər açdıq. Bəs müəllimləri haradan alaq?

Üçüncü mühüm cəhət hansı dildə oxumaq məsələsi idi. Bu məsələ demək olar ki, bütün Azərbaycan maarifçilərini düşündürən və məktəb təhsilinin inkişafına, xalqın əqli tərəqqisinə mane olan bir iş idi. Belə ki, o zamanlar dövlət məktəblərində təlim rus dilində, ənənəvi məktəb və mədrəsələrdə isə ərəb və fars dillərində aparılırdı. Bütün bunları ciddi nəzərə alan M.F.Axundzadə Həsən bəyə müraciətlə və ürək yanğısı ilə yazırdı: “Deyəcəksən ki, rus dilində oxuyun, öyrənin! Çox yaxşı, şəhərlərdə məktəbxanalar açdıq, rus dilində elm öyrənməyə başladıq. Aya, ünas və kənd əhlimiz necə etsinlər, kəndlərdə də məktəbxanalar açaq və müəllim gətirək ya yox? Əgər deyirsən açın, insaf elə, hansı istitaət ilə və hansı qüdrət ilə?

Həqiqətən də, XIX əsrin 70-ci illərində dövlət tərəfindən yalnız şəhərlərdə, həm də yuxarı təbəqənin uşaqları üçün bəzi məktəblər açılmışdısa da, kəndlərdə düzgün təşkil edilmiş xalq məktəbləri hələlik yox idi. Aydın məsələdir ki, təkcə şəhər əhalisinin təhsili qayğısına qalmaqla da əsas məqsədə çatmaq mümkün deyildir. “Əgər deyirsən ki, kənd əhli qalsın, ancaq şəhər xalqı elm öyrənsin, onda sənin muradın əmələ gəlməz. M.F. Axundzadə “Bir gül ilə bahar olmaz” zərb-məsəlini yada salır və sözünə davam edərək deyirdi ki, “Şəhər xalqı kənd əhlinə nisbət qətrədin dəryaya nisbət.

Öz mütərəqqi müasirlərindən fərqli olaraq M.F.Axundzadə ümumtəhsil ideyasını irəli sürürdü. O, əhalinin bütün təbəqələrinin, şəhər olsun ya kəndli, qadın olsun ya kişi, fərqi yoxdur, hamının ana dilində dünyəvi təhsilini lazım bilir və bu ideyanı qızğın müdafiə edirdi.

Keçən əsrin 70-ci illərində, dövlətin ümumxalq təhsilinə etinasız qaldığı bir dövrdə, M.F.Axundzadənin təbirincə desək, ana dilində məktəb açıb elm öyrətməyə “istitaət gərək, ittifaq gərək, vəsilə gərək idi. İstirahət deyərkən Axundzadə var-dövləti, maliyyə vəsaitini nəzərdə tuturdu. Məlum olduğu kimi feodal-patriarxal bir ölkə olan Azərbaycanın gəliri xariclərin cibinə, çar hökumətinin xəzinəsinə axırdı. İttifaqın olmamasına səbəb əhalinin yarısının şiə, yarısının isə sünnilərə bölünməsi idi. Ana dilində dünyəvi təhsil məktəblərinin yoxluğu nəticəsində əhalinin geniş təbəqəsi öz doğma ana dilində yazıb-oxumağı bacarmırdı.

M.F.Axundzadənin yuxarıda göstərilən məktubu H.Zərdabinin ifadəsi ilə desək, “Qışın çilləsində olan çovğun kimi onu diqqət ilə oxuyanın bədəninə qorxu lərzəsi salırdı”.

M.F.Axundzadə yuxarıda göstərilən çətinliklərin aradan qaldırılması yollarını da düşünür, xalqın dərdinə çarə axtarır, o zamankı tarixi şəraitdə konkret çıxış yolu göstərməyə cəhd edirdi.

M.F.Axundzadənin ana dilli məktəb uğrunda mübarizəsi, bütövlükdə təlim və tərbiyə məsələlərinə dair fikirləri, onun ictimai-siyasi fikirlərindən nəşət edirdi. O, əox yaxşı başa düşürdü ki, beş-on məktəb açmaqla iş bitmir. O, ölkənin başdan-başa savadlanması ideyasını müdafiə və təbliğ edirdi, bununla bərabər o, mövcud şəraitdə bu işi müşkil hesab eləyir və bu məsələdə inqilabi-demokratik mövqedən çıxış edirdi.

O zamanlar təhsilin ana dilində aparılmaması, tədris vəsaitinin olmaması və üstəlik ərəb əlifbasının çətinliyi o zamankı Azərbaycan məktəblərinin şikəst cəhətlərindən idi. Sünni və şiə təriqətinin saldığı ayrı-seçkiliyi, çarizmin xalqı mədəni sərvətdən kənarda saxlamaq, kiçik xalqların ana dilini sıxışdırmaq siyasətini də buna əlavə etsək, ana dilli məktəblər uğrunda aparılan mübarizənin çətinliyi və mürəkkəbliyi bir daha aşkar olar.

M.F.Axundzadə Azərbaycan xalqının böyük vətənpərvəri idi. O, xalqını dərin məhəbbətlə sevir, həmvətənlərini savadsızlıq bəlasından xilas etməyə çalışırdı. O, xalqın ümumi mədəniyyətinin, o cümlədən, ana dilinin inkişafında, xalq kütlələrinin savadlanması işində ərəb əlifbasının böyük əngəl olduğunu görmüş və düz 20 il bu əlifbanın dəyişdirilməsi uğrunda mübarizə aparmışdır. Məktublarından birində oxuyuruq: “Mənim məqsədim islam xəlaqlarını sarsıdan cəhaləti aradan qaldırmaq, elmləri, sənətləri inkişaf etdirmək, xalqlarımızın azadlığı, rifahı və sərvətinin artması üçün, vətənin abadlaşdırılması üçün və islamiyyətdən əvvəl balalarımızın malik olduğu şan və şöhrətin bərpa edilməsi üçün ədalətə rəvac verməkdir.

Bu yolda atacağımız birinci addım köhnə islam əlifbasını dəyişdirmək
dən ibarət olmalıdır - deyirdi.

M.F.Axundzadə xalqın ümumi və iqtisadi geriliyinin əsas səbəbini ərəb əlifbasında görürdü. 1869-cu ildə yazdığı “Kəmalüddövlə məktubları”na əlavədə o deyrdi: “Ərəblər bizim min illik sənətimizi yıxdılar, şan və şövkətimizi bərbad etdilər, vətənimizi elə xarabadan da xarab etdilər ki, bu günü qədər abad etmək mümkün olmadı. Üstəlik onlar bizim boynumuza elə bir yazı da bağladılar ki,  onun sayəsində ümumi müyəssər olan savadı əldə etmək bizim üçün işlərin ən çətini olmuşdur.

M.F.Axundzadə başladığı işin gec-tez nəticə verəcəyinə əmin idi. O, deyirdi: “Mən sizi əmin edirəm ki, əlifba məsələsi nəhayət baş tutacaqdır. Əgər bu gün olmasa, sabah, sabah olmasa da birisi gün baş tutacaqdır!

M.F.Axundzadə yeni əlifba uğrunda apardığı mübarizə onun ana dili təlimi, ana dilli məktəb - təlimin ana dilində aparılması ideyası ilə üzvi surətdə bağlı olub, inqilabi-demokratik görüşlərinə əsaslanır və xəlqiliyindən irəli gəlirdi.

M.F.Axundzadənin ana dilli məktəb uğrundakı mübarizəsi nəticəsiz qalmadı. Onun mütərəqqi müasirləri və həmfikirləri bu ideyanın həyata keçirilməsi uğrunda onun başladığı işi şərəflə davam etdirirdilər.

Böyük yazıçı və filosof, mütəfəkkir maarifçi və pedaqoq M.F.Axundzadə nəcib ideyaları hətta ifrat siyasi doğmaların hakim olduğu Sovet Azərbaycanında əsaslı şəkildə həyata keçirməklə, müstəqil Azərbaycan Respublikası dövründə təmamilə həllini tapdı.

M.F.Axundzadə yeni milli mentalitetimizin tarixi təşəkkülündə müstəsna xidməti olan milli sima kimi tarixdə qalacaqdır.

Gülmira Sahib qızı Əsədova

Naxçıvan Müəllimlər İnstitutunun “Pedaqogika və psixologiya”kafedrasının dosenti

Pedaqogika üzrə fəlsəfə doktoru