Naxçıvan Hərbi Kollecində “Zəfər addımları” adlı idman, zəka və intellektual oyunlar keçirilib - FOTO
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində Konstitusiya və Suverenlik ili çərçivəsində, 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş “Zəfər addımları” adlı idman, zəka və intellektual oyunlar təşkil edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkilatçılıqla reallaşdırılıb. 20–31 oktyabr tarixlərini əhatə edən yarışlarda I və II kurs kursantlar iştirak ediblər. Yarışların əsas məqsədi kursantlarda vətənpərvərlik ruhunu möhkəmləndirmək, fiziki və zehni hazırlığı artırmaq, komanda ruhunu və liderlik bacarıqlarını inkişaf etdirmək olub.
Layihə çərçivəsində turnikdə dartınma, 100 metr məsafəyə qaçış, qol güləşi, stolüstü tennis, mini futbol, voleybol, şahmat, mangala, barikat və intellektual yarışlar üzrə qaliblər müəyyənləşdirilib.
Yekunda fərqlənən kursantlar Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Kollec rəhbərliyi tərəfindən diplom, fəxri fərman və hədiyyələrlə təltif olunublar.
“Zəfər addımları” layihəsi kursantlarda Azərbaycan Ordusunun qəhrəmanlıq ənənələrini və Zəfər Gününün mənəvi dəyərlərini yaşatmaq məqsədinə xidmət edib.













