Naxçıvan Muxtar Respublikası Prokurorluğunda maarifləndirici tədbir keçirilib -

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda maarifləndirici tədbir keçirilib - FOTO

30 İyul 2025

İyulun 30-da Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun birgə təşkilatçılığı ilə prokurorluğunun inzibati binasında “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə çıxış edən Agentliyin əməkdaşı İsmayıl Səfərov bildirib ki, dövlət qayğısının, həyata keçirilən islahatların, ayrı-ayrı proqramların nəticəsi olaraq respublikamızın səhiyyə sistemində son dövrlərdə mühüm dəyişikliklər baş vermiş, müasir tibb mərkəzləri yaradılmış, vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyəti daha da yüksəlmişdir. Bütün bunlar ilk növbədə belə bir həqiqətin təsdiqidir ki, əhalinin sağlamlığının qorunması, tibbi təminatın hər kəs üçün əlçatan olması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü sosial siyasətin prioritet istiqamətlərini təşkil edir və dövlət bu məsələdə həmişə vətəndaşının yanındadır.

Qeyd olunmuşdur ki, Agentliyin fəaliyyətinin məqsədləri əhalini icbari tibbi sığortaya cəlb etmək, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri cəmləşdirmək, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görmək, həmin xidmətlərə əhalinin əlçatanlığını təmin etmək, sığortaolunanların hüquqlarını və qanuni mənafelərini qorumaq, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar toplanmış vəsaitlərdən təyinatı üzrə səmərəli istifadəni və sığorta ödənişlərinin vaxtında icra olunmasını təmin etməkdir.

Agentliyin əməkdaşı Gülxatın Zeynalova tədbir iştirakçılarına icbari tibbi sığortadan istifadə qaydaları haqqında təqdimatla geniş məlumat vermişdir.

Daha sonra qarşılıqlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.