“Naxçıvan Muxtar Respublikasının turizm atlası”nın hazırlanması yekun mərhələdədir

“Naxçıvan Muxtar Respublikasının turizm atlası”nın hazırlanması yekun mərhələdədir

19 İyul 2025

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üzrə Dövlət Proqramı çərçivəsində turizm infrastrukturunun inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 

Bu çərçivədə Turizm Departamenti tərəfindən həm piyada marşrutlarının formalaşdırılması, həm də kənd turizminin təşviqi sahəsində əhəmiyyətli işlər görülür. 

Bu fikirləri “NAXÇIVANXƏBƏRLƏRİ”-nə müsahibəsində Turizm Departamentinin əməkdaşı Orxan Cəfərov bildirib.

O qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramının müvafiq bəndinə əsasən, “Naxçıvan Muxtar Respublikasının turizm atlası”nın hazırlanması yekun mərhələdədir. 

Paralel olaraq Şahbuz rayonunun Batabat yaylağında və Ordubad rayonunun Pəzməri kəndində yeni dağ marşrutları müəyyənləşdirilib, GPS-lə qeydə alınıb və beynəlxalq Wikiloc platformasında yerləşdirilib. “Pəzməri piyada marşrutu”nun layihəsi də tamamlanıb, Batabatdakı marşrutların nişanlanması işləri başa çatdırılmaq üzrədir.

Eyni zamanda, kənd turizminin inkişafı məqsədilə yerli sakinlərlə görüşlər keçirilib, ailə təsərrüfatlarının və kənd evlərinin turizmə cəlb edilməsi istiqamətində təşviqat işləri aparılıb. Tədbirlər çərçivəsində turizm infrastrukturu və su ehtiyatlarının istifadəsi ilə bağlı qiymətləndirmələr də davam etdirilir.

"Hazırda görülən işlər Naxçıvanın turizm potensialının səmərəli istifadəsinə və yerli icmaların bu sahədən faydalanmasına xidmət edir". - deyə qurum rəsmisi qeyd edib 

Müsahibəni hazırladı: 

Nəzrin Abbaslı