Naxçıvanda ahıllarla görüş təşkil olunub - FOTO
“1 oktyabr Beynəlxalq Ahıllar Günü” münasibətilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Çətin həyat şəraiti olan şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsi”nin sakinləri ilə görüş keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, ölkəmizdə ahıl insanlara və onların sosial müdafiəsinə daim xüsusi diqqət və qayğı göstərilir, təminatlarının artırılması məqsədilə ardıcıl işlər görülür. Hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması ahıllara göstərilən qayğının artırılması məqsədini daşıyır. Ramilə Seyidova vurğulayıb ki, ölkəmizdə ahıl insanlar dövlətin qayğısı ilə əhatə olunurlar. Muxtar respublikamızda da ahıl sakinlərə müxtəlif növ sosial xidmətlər göstərilir, onların maddi-məişət şəraitlərinin yaxşılaşdırılması, cəmiyyətə inteqrasiyası məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Onlara mütəmadi olaraq tibbi və sosial reabilitasiya xidmətləri təqdim olunur. Komitə sədri qeyd edib ki, Sosial Reabilitasiya Müəssisəsində sakinlərin rahat yaşaması üçün hərtərəfli şərait yaradılıb.
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini, İdarə Heyəti sədri vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Naib Əlizadə çıxış edərək bildirib ki, muxtar respublikada ahıl insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Çıxışında vurğulanıb ki, hər bir cəmiyyətin dəyəri onun ahıllara göstərdiyi diqqət və ehtiramla ölçülür. Nazirliyin nümayəndəsi qeyd edib ki, ahıllara göstərilən qayğı gənc nəslin tərbiyəsində də mühüm rol oynayır və bu istiqamətdə görülən işlər bundan sonra da davam etdiriləcək.
Göstərilən diqqət və qayğıya görə ahıllar dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Görüşdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müəssisə sakinlərinə hədiyyələr təqdim olunub.











