Naxçıvanda “Araz-1” və “Araz-2” nasos stansiyaları yenidən qurulur -

Naxçıvanda “Araz-1” və “Araz-2” nasos stansiyaları yenidən qurulur - FOTO

03 Noyabr 2025

Mənbəyi Araz çayı olan “Araz-1” və “Araz-2” nasos stansiyaları vasitəsilə Babək rayonunun Nehrəm qəsəbəsi, Araz və Çeşməbasar kəndlərinin torpaq sahələri suvarılır. Nasos stansiyalar uzun illərdir fəaliyyət göstərir. Buna görə də nasos stansiyalarının təzyiqli boru xətləri zamanla korroziyaya uğrayaraq yararsız vəziyyətə düşüb və istismar müddətini başa vurub. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, nəticədə il ərzində yüzlərlə qəza halı qeydə alınır. Həmin qəzaların aradan qaldırılması və boruların təmir-bərpası prosesi işin gedişatını xeyli ləngidir. Bu da öz növbəsində suvarma prosesində fasilələrin yaranmasına səbəb olur.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq nasos stansiyalarının və təzyiqli boru xətlərinin yenidən qurulması işlərinə başlanılıb. Layihəyə əsasən, nasos aqreqatları yenilənərək  gücü artırılır və təzyiqli boruların diametri böyüdülür. Bunun nəticəsində suyun sərfi saniyədə 1,4 kubmetrdən  2,5 kubmetrə çatdırılır. Layihə tam başa çatdıqdan sonra Nehrəm qəsəbəsindəki  1000 hektar torpaq sahəsi ilə yanaşı, əlavə olaraq 2000 hektara yaxın suvarılan torpaq sahəsinin də su təminatı yaxşılaşdırılacaq.

Hazırda layihə üzrə tikinti işləri mərhələli şəkildə davam etdirilir.