Naxçıvanda “Dövlət qurumları İnformasiya Təhlükəsizliyi üzrə rəhbərlərinin VII Zirvə Toplantısı” keçirilib -

Naxçıvanda “Dövlət qurumları İnformasiya Təhlükəsizliyi üzrə rəhbərlərinin VII Zirvə Toplantısı” keçirilib - FOTO

23 Dekabr 2025

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarında informasiya təhlükəsizliyi sahəsində koordinasiyanın gücləndirilməsi, aktual risklərin və strateji yanaşmaların müzakirəsi məqsədilə “Dövlət qurumları İnformasiya Təhlükəsizliyi üzrə rəhbərlərinin VII Zirvə Toplantısı” təşkil olunub. Zirvə Toplantısı Naxçıvan Muxtar Respublikasında keçirilib və tədbirdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və informasiya təhlükəsizliyi üzrə məsul rəhbər şəxsləri iştirak ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri salamlama nitqi ilə açan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov informasiya təhlükəsizliyinin dövlət idarəçiliyində artan rolunu vurğulayaraq qeyd edib ki, rəqəmsal mühitdə dövlət informasiya ehtiyatlarının qorunması milli təhlükəsizliyin mühüm tərkib hissəsidir. O, bu sahədə sistemli yanaşmanın və institusional əməkdaşlığın əhəmiyyətini iştirakçılarının diqqətinə çatdırıb.

Zirvə Toplantısında açılış nitq ilə çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev bildirib ki, kibertəhdidlərin dinamik inkişafı informasiya təhlükəsizliyinə yanaşmada yeni metod və mexanizmlərin tətbiqini zəruri edir. Xidmət rəisi qeyd edib ki, dövlət qurumlarında informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində əsas hədəf qabaqlayıcı müdafiə prinsiplərinə əsaslanan, dayanıqlı və koordinasiyalı təhlükəsizlik mühitinin formalaşdırılmasıdır. İlqar Musayev bu sahədə vahid siyasətin, peşəkar kadr potensialının və müasir texnoloji həllərin əhəmiyyətini xüsusi vurğulayıb. Eləcə də, İ.Musayev Xidmət tərəfindən Naxçıvan Muxtar Respublikasında görülən işlər barədə ətrfalı statistik məlumatlar verib.

Daha sonra Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Azər Məmmədrəhimov çıxış edərək Muxtar Respublikada rəqəmsal transformasiya prosesləri ilə paralel olaraq informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verib. O, dövlət qurumlarının informasiya sistemlərinin təhlükəsizlik tələblərinə uyğunlaşdırılmasının davamlı inkişaf üçün əsas şərtlərdən biri olduğunu qeyd edib.

Tədbirin davamında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov “Dövlət qurumlarında informasiya təhlükəsizliyinin mövcud vəziyyəti ilə bağlı statistik göstəricilər, Naxçıvan Muxtar Respublikasında görülmüş işlər, yeniliklər və planlar” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə dövlət informasiya resurslarının qorunması sahəsində cari vəziyyət, aşkar olunan əsas risklər, onların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər, eləcə də Naxçıvan Muxtar Respublikasında informasiya təhlükəsizliyi infrastrukturunun gücləndirilməsi üzrə atılmış addımlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Eyni zamanda, qarşıdakı dövr üçün prioritet istiqamətlər təqdim olunub.

Daha sonra, informasiya təhlükəsizliyi sahəsində mövcud çağırışlar, yeni texnoloji tendensiyalar və dövlət qurumlarının qarşılaşdığı problemlər ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, bu formatda keçirilən Zirvə Toplantıları dövlət qurumları arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə, vahid yanaşmaların formalaşdırılmasına və informasiya təhlükəsizliyi sahəsində dayanıqlı sistemin qurulmasına mühüm töhfə verir.