Naxçıvanda həvəskar rəssamların müsabiqəsi keçiriləcək

Naxçıvanda həvəskar rəssamların müsabiqəsi keçiriləcək

26 Sentyabr 2025

Muxtar Respublikada yaşayan istedadlı və həvəskar rəssamların yaradıcılıq potensialının üzə çıxarılması və onların inkişaf etdirilməsi məqsədilə rəsm müsabiqəsi təşkil olunur. Müsabiqə həmçinin gənc nəslin xalqımızın zəngin mədəni irsindən faydalanaraq bədii-estetik dünyagörüşünün formalaşmasına və vətənpərvərlik ruhunun gücləndirilməsinə xidmət edir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 2025-ci ilin oktyabr-noyabr aylarında keçiriləcək. İştirak etmək istəyənlər 26 sentyabr – 10 oktyabr 2025-ci il tarixlərində Naxçıvan Dövlət Rəsm Qalereyasına müraciət edə və ya 036-544-55-03 və 051-968-02-08 nömrələri ilə əlaqə saxlaya bilərlər.

Müsabiqənin şərtləri:

Yalnız Muxtar Respublikada yaşayan həvəskar rəssamlar iştirak edə bilər.

Mövzular “Konstitusiya və Suverenlik İli” çərçivəsində müəyyən olunub.

Rəsm işləri yağlı boya, akvarel, qrafika, pastel və digər texnikalarda naturadan və ya müəllif təxəyyülü ilə işlənə bilər.

Hər iştirakçı maksimum 2 iş təqdim edə bilər.

Əsərlərin işlənməsi üçün iştirakçılara 3 saat vaxt veriləcək.

Müsabiqə 10 ballıq sistem üzrə dəyərləndiriləcək. Qiymətləndirmə “mövzunun aktuallığı”, “işləmə texnikası”, “kompozisiya” və “qurma” meyarları əsasında aparılacaq.

Nəticələrə əsasən, bir nəfər 1-ci yer, iki nəfər 2-ci yer, üç nəfər isə 3-cü yer qalibi olacaq. Qaliblərə diplom, fəxri fərman və qiymətli hədiyyələr təqdim ediləcək.