Naxçıvanda şagirdin döyülməsi ilə bağlı yayılan iddiaların araşdırılması məqsədilə monitorinq həyata keçirilib

Naxçıvanda şagirdin döyülməsi ilə bağlı yayılan iddiaların araşdırılması məqsədilə monitorinq həyata keçirilib

15 Noyabr 2025

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Babək Rayonunun Cəhri Qəsəbə 1 nömrəli tam orta məktəbinin IX sinif şagirdinin müəllim tərəfindən döyülməsi iddiaları ilə bağlı onlayn media subyektlərində və sosial şəbəkələrdə yayılan məlumatlar nəzarətə götürülərək təhsil müəssisəsində monitorinq həyata keçirilib. 

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ" -nə verilən məlumata görə, monitorinq zamanı şagird, müəllim, məktəb rəhbərliyi, eləcə də həmin sinifdə təhsil alan digər şagirdlərlə fərdi söhbətlər aparılıb, psixoloji işin təşkili vəziyyəti yoxlanılıb, həmçinin proses video çəkilişlə sənədləşdirilib. Əldə olunan məlumatlara əsasən, döyülmə iddiaları ilə bağlı hər hansı faktın baş vermədiyi, şagirdin hüquqlarının pozulması halının qeydə alınmadığı, həmçinin müəllim tərəfindən digər qanunazidd davranışlara yol vermədiyi məlum olub.

Sosial şəbəkələrdə təsdiqlənməmiş məlumatların paylaşılması, xüsusilə uşaqlarla bağlı həssas məsələlərdə, onların şəxsi toxunulmazlıq hüququnun pozulmasına, psixoloji travmasının dərinləşməsinə və ictimai rəyin yanlış istiqamətlənməsinə gətirib çıxara bilər. Belə halların qarşısının alınması üçün media nümayəndələri və sosial platforma istifadəçiləri uşaq hüquqlarına dair informasiyaların yayımında məsuliyyətli davranmalı, etik və hüquqi normalara ciddi şəkildə əməl etməlidirlər.

Uşaqların zorakılıqdan uzaq, təhlükəsiz və sağlam mühitdə yaşamaq, keyfiyyətli təhsil almaq və ləyaqətli münasibət görmək hüququ toxunulmazdır. Bu hüquqların təmin olunması və qorunması istiqamətində cəmiyyətin bütün institutları üzərinə düşən öhdəlikləri dərk etməli, hər bir halda hüquqi çərçivədə və məsuliyyətli şəkildə hərəkət etməlidirlər.