Naxçıvanda şəhid-jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş kitab təqdim edilib - FOTO
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında şəhid-jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş Əsgər İbrahimovun "Jurnalist ömrünün əbədiyyət nəğməsi" adlı kitabının təqdimatı keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının şöbə müdiri Pərvin Həsənov çıxışında bildirib ki, kitab hər bir azərbaycanlı üçün mübarizlik salnaməsidir və Məhərrəm İbrahimovun həyat hekayəsi bütün dünyaya Vətən sevgisinin nümunəsini göstərir.
Kitabın müəllifi, şəhid-jurnalistin qardaşı Əsgər İbrahimov əsərin müstəqillik dövrünün, xüsusilə də 44 günlük Vətən müharibəsinin yadda qalan hadisələrini əks etdirdiyini, Ermənistanın müharibə cinayətləri və işğaldan azad edilmiş ərazilərdəki dağıntılar barədə geniş materialların toplandığını qeyd edib.
Kitabxananın elmi işlər üzrə direktor müavini Yeganə Səfərova və Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov çıxış edərək Məhərrəm İbrahimovun İkinci Qarabağ müharibəsinin ilk şəhid-jurnalisti olduğunu, peşəsinə sadiqliyi və vətənpərvərliyi ilə yadda qaldığını vurğulayıblar.
Tədbirdə şəhid-jurnalistin ailə üzvləri və yaxınları da xatirələrini bölüşüb. Sonda Əsgər İbrahimov kitabxana rəhbərliyinə təşəkkür edib və iştirakçılara kitabını hədiyyə edib.











