Naxçıvanlı idmançı İstanbul Marafonunda şəxsi rekordunu yeniləyib -

Naxçıvanlı idmançı İstanbul Marafonunda şəxsi rekordunu yeniləyib - FOTO

03 Noyabr 2025

Naxçıvan Muxtar Respublikasından olan atlet Əmrah Nağıyev karyerasında 5-ci dəfə Türkiyədə keçirilən İstanbul Marafonunda iştirak edib. “Dünyanın qitələrarası yeganə marafonu” şüarı ilə təşkil olunan 47-ci İstanbul Marafonunda 126 ölkədən ümumilikdə 41 min 416 iştirakçı qeydiyyatdan keçib. Kütləvi idman tədbirində 42 kilometr, 15,5 kilometr, Korporativ qaçış, Xalq qaçışı və Əlil arabası ilə qaçış kateqoriyaları üzrə qaliblər müəyyənləşib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Əmrah Nağıyev 15,5 kilometrlik məsafədə 00:55:35 nəticə ilə 15-ci yeri tutub və 2019-cu ildən bəri iştirak etdiyi İstanbul marafonlarında özünün ən yaxşı nəticəsinə imza atıb. İdmançımıza marafonun medalı təqdim olunub.

Xatırladaq ki, müxtəlif məsafələrdə Azərbaycan birinciliklərinin, beynəlxalq turnirlərin qalibi və mükafatçısı olan Əmrah Nağıyev Türkiyənin bir çox regionlarında, o cümlədən Azərbaycan və Gürcüstanda təşkil olunan beynəlxalq marafonların daimi iştirakçısıdır.