
Naxçıvanlı nümayəndə Özbəkistanda beynəlxalq forumda iştirak edib - FOTO
Mayın 15-dən 17-dək Özbəkistanın Daşkənd, Nukus və Muynak şəhərlərində keçirilən Qlobal Gənclər Festivalı çərçivəsində “Rəqəmsal Yaşıl Təşəbbüslər” Forumu baş tutub. Forumda Azərbaycan nümayəndə heyətinin tərkibində Babək Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Əliyev də iştirak edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirin açılış mərasimində Özbəkistan Respublikasının birinci xanımı, “Zamin” Fondunun Vasitəçilik Şurasının sədri Ziroat Mirziyoyeva, BMT Baş katibinin gənclərlə iş üzrə köməkçisi Felipe Paullier və Özbəkistan Gənclər İşləri Agentliyinin direktoru Alişer Sadullayev çıxış ediblər. Ardınca keçirilən sessiyada Azərbaycanı təmsil edən Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova və digər rəsmi şəxslər təqdimatlarla çıxış ediblər.
Forum çərçivəsində Azərbaycan nümayəndə heyəti ölkəmizin COP29 konfransına ev sahibliyi etməsi, gənclər siyasəti və azad edilmiş ərazilərdə həyata keçirilən ağıllı şəhər layihələri barədə məlumat verib. Festival zamanı təşkil olunan Azərbaycan–Özbəkistan Gənclər Forumunda isə iki ölkənin gəncləri arasında əməkdaşlıq, təcrübə və ekoloji təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb.
Festival çərçivəsində nümayəndələr Muynak şəhərinə səfər edərək Aral dənizinin ekoloji fəlakəti ilə yerində tanış olub, yaranmış sosial-iqtisadi təsirlər barədə məlumat əldə ediblər. Eyni zamanda nümayəndə heyəti Daşkənddə yerləşən “IT Park” texnologiya mərkəzini ziyarət edərək rəqəmsal startaplar, yaşıl texnologiyalar və innovasiya ekosistemləri ilə tanış olublar.