Naxçıvanlı şahmatçılar Malatyada uğur qazanıblar - FOTO
Türkiyənin Malatya şəhərində “Altın Kayısı” beynəlxalq açıq şahmat turniri keçirilib. 8-ci dəfə təşkil olunan ənənəvi yarışda 11 ölkədən 96-sı xarici və 390-ı yerli olmaqla, ümumilikdə 486 şahmatçı mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, turnirdə Naxçıvan Muxtar Respublikasından 10 şahmatçı iştirak edib. Onlardan üçü uğurlu nəticəyə nail olub.
Yarışın A qrupunda çıxış edən Urfan Sevdimaliyev və Pərviz Qasımov ilk onluğa düşərək mükafatçılar sırasında yer alıblar. B qrupunda isə veteran şahmatçımız Bahəddin Hətəmov uğurla çıxış edərək 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, Türkiyənin Bitlis şəhərində start götürən "Betav Open" beynəlxalq turnirində də Naxçıvan şahmatçıları iştirak edir. Bu yarışda 20 idmançı ilə təmsil olunuruq.










