Nazir müavini: Naxçıvanda telekommunikasiya və internet infrastrukturu gücləndirilir, yeni fiber-optik magistral şəbəkələr qurulur
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramının əsas hədəflərindən biri də muxtar respublikada rəqəmsal infrastrukturu inkişaf etdirmək, müasir telekommunikasiya xidmətlərini genişləndirmək və əhaliyə dayanıqlı rabitə imkanları təqdim etməkdir.
Bu məqsədlə, Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bir sıra mühüm layihələri ardıcıl şəkildə həyata keçirir.
Nazir vəzifəsini icra edən, nazir müavini Azər Məmmədrəhimov "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində bildirib ki, muxtar respublikada telekommunikasiya və internet infrastrukturu gücləndirilir, yeni fiber-optik magistral şəbəkələr qurulur, VIMS texnologiyası, IP MPLS və GPON sistemlərinin tətbiqi istiqamətində mühüm irəliləyişlər əldə olunub.
“Artıq IP MPLS layihəsi üzrə satınalmalar yekunlaşıb, avadanlıqlar təhvil-təslim olunub. GPON texnologiyası ilə bağlı avadanlıqların alınması prosesi də əsasən tamamlanıb. Bu layihələr bir-birini tamamlayaraq muxtar respublikanın bütün bölgələrində sürətli və etibarlı internet təminatına imkan yaradacaq", – deyə Azər Məmmədrəhimov vurğulayıb.
Nazir müavini qeyd edib ki, Data Mərkəzin inşası istiqamətində də mühüm addımlar atılıb və layihə-smeta sənədləri hazırda ekspertiza mərhələsindədir.
Bununla yanaşı, poçt infrastrukturunun modernləşdirilməsi, mobil rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və 5G şəbəkəsinin tətbiqi üzrə hazırlıqlar davam edir.
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə aparılan monitorinqlər nəticəsində siqnal zəif olan ərazilər müəyyənləşdirilib, yeni baza stansiyalarının quraşdırılması planlaşdırılır", – deyə o əlavə edib.
Azər Məmmədrəhimov həmçinin bildirib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən yaşıl nəqliyyat və ekoloji layihələr də həyata keçirilir:
“Hazırda Naxçıvanda enerji doldurma avadanlıqları quraşdırılır, avtobus depoları yenilənir və ictimai nəqliyyatda yalnız elektrik mühərrikli avtobusların istifadəyə verilməsi istiqamətində işlər görülür. Bu məqsədlə dövlət büdcəsindən Baku Bus MMC-yə 33 milyon 449 min manat vəsait ayrılıb".
Nazir müavini vurğulayıb ki, bütün bu layihələr rəqəmsal iqtisadiyyatın inkişafına, əhalinin rifahının yüksəldilməsinə və ekoloji baxımdan dayanıqlı gələcəyin qurulmasına xidmət edir.








