Nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs dedikdə kimlər başa düşülür? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs dedikdə kimlər başa düşülür?
Cavab: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir.
Keçmiş SSRİ nümunəli müddətsiz sürücülük vəsiqəsinə malik olan şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin V hissəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir.
Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov








