Ombudsman Günay Rzayeva Beynəlxalq Ahıllar Günü münasibətilə ahıllara baş çəkib -

Ombudsman Günay Rzayeva Beynəlxalq Ahıllar Günü münasibətilə ahıllara baş çəkib - FOTO

01 Oktyabr 2025

1 oktyabr Beynəlxalq Ahıllar Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva Şahbuz şəhərində yerləşən Çətin həyat şəraitində olan şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsində ahıl vətəndaşlarla görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüş zamanı Ombudsman Günay Rzayeva və Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini, İdarə Heyəti sədri vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Naib Əlizadə Beynəlxalq Ahıllar Günü münasibəti ilə sosial qayğıya ehtiyacı olan şəxsləri təbrik ediblər, onların hüquqlarının müdafiəsi, sosial fəaliyyətlərinin təşkili və həyat keyfiyyətlərinin yüksəldilməsi istiqamətində aparılan işlərlə və ahıl şəxslərin qayğıları ilə maraqlanıblar.

Ombudsman ahıl şəxslərin cəmiyyətin mənəvi dayağı olduğunu vurğulayaraq, onların sosial rifahının təmin edilməsini dövlətin humanist siyasətinin əsas istiqamətlərindən biri kimi dəyərləndirib. O, bu sahədə həyata keçirilən tədbirlərin davamlılığının vacibliyini qeyd edərək, ahıl vətəndaşların gündəlik ehtiyaclarının qarşılanması və hüquqlarının müdafiəsinin sosial ədalət prinsipinə əsaslanan dövlət siyasətinin ayrılmaz hissəsi olduğunu diqqətə çatdırıb.

Əlamətdar gün münasibətilə təşkil olunan görüş çərçivəsində Ombudsman tərəfindən ahıl şəxslərə hədiyyələr təqdim olunub.

Ahıl vətəndaşlar onlara göstərilən qayğıya görə dərin minnətdarlıqlarını ifadə ediblər.