Ötən il azad edilmiş ərazilərin bərpasına 4.5 milyard manata yaxın vəsait ayrılıb

Ötən il azad edilmiş ərazilərin bərpasına 4.5 milyard manata yaxın vəsait ayrılıb

09 İyun 2026

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ilin dövlət büdcəsindən cəmi 4454,9 milyon manat vəsait ayrılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında əksini tapıb.

Hesabata əsasən, həmin vəsaitin 3781,9 milyon manatı və ya 84,9 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli vəsaitin, 334,0 milyon manatı və ya 7,5 faizi dövlət büdcəsinin ehtiyat fondunun vəsaitinin, 276,3 milyon manatı və ya 6,2 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə vəsaitin, 62,7 milyon manatı və ya 1,4 faizi dövlət büdcəsinin digər ehtiyatlarından ayrılmış vəsaitin payına düşür. Həmin vəsaitin 3930,8 milyon manatı infrastruktur təyinatlı layihələrinin tikintisinə, yenidən qurulmasına (yol infrastrukturlarının layihələndirilməsinə, tikintisinə, yenidən qurulmasına 2521,9 milyon manat (avtomobil yollarına 2197,6 milyon manat, dəmiryollarına 324,3 milyon manat), yeni yaşayış komplekslərinin tikintisi, təmiri, bərpası və ərazidə abadlıq və quruculuq işlərinin həyata keçirilməsinə 992,5 milyon manat, yaşayış məntəqələrinin xarici elektrik təchizatla təmin olunması, transformator məntəqələrinin quraşdırılması, yeni yarımstansiyalarının tikintisi və mövcud şəbəkə ilə əlaqələndirilməsinə 174,5 milyon manat, magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və tikintinin həyata keçirilməsinə 124,6 milyon manat, sənaye parklarının fəaliyyətinin təşkili və onların ərazisində infrastrukturun yaradılması, kadastr xidmətlərinin və torpaq sahələrinin qiymətləndirilməsinin aparılmasına 55,8 milyon manat, mövcud radio-televiziya yayımı stansiyalarının işinin bərpası, yeni yayım stansiyalarının qurulması, poçt və rabitə xidmətlərinin (telefon, internet, multimedia) təşkili məqsədilə infrastrukturun yaradılması, şəhərlərarası (rayonlararası)və yerli magistral telekommunikasiya xətlərinin və ərazilərdə radio monitorinq sisteminin qurulması turizm infrastrukturunun qurulmasına 36,1 milyon manat, Şuşa, Xankəndi və Laçın şəhərlərində kanat yolunun layihələndirilməsi və tikintisinə 15,2 milyon manat, işğaldan azad edilmiş ərazilərdə geoloji kəşfiyyat işlərinin aparılmasına 7,1 milyon manat, turizm infrastrukturunun yaradılmasına 0,7 milyon manat və digər infrastruktur layihələrinə 2,4 milyon manat), 74,8 milyon manatı ərazilərin minalardan təmizlənməsinə, 9,8 milyon manatı müdafiə və hüquq mühafizə təyinatlı obyektlərinin tikintisinə və təmirinə, 439,5 milyon manatı sosial təyinatlı layihələr (təhsil, səhiyyə, mədəniyyət, idman və bu kimi digər sosial tədbirlərə) üzrə xərclərə yönəldilib.