Şərurda Gender komissiyasının üzvləri ilə görüş keçirilib -

Şərurda Gender komissiyasının üzvləri ilə görüş keçirilib - FOTO

19 May 2025

Mayın 19-da Şərur rayonunda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə yerli özünüidarəetmə orqanlarına (bələdiyyələrə) seçilmiş qadınlarla və Gender komissiyasının üzvləri ilə görüş keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova iştirakçıları salamlayaraq görüşün əhəmiyyətindən bəhs edib.

Görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, yerli özünüidarəetmə orqanları cəmiyyətin gündəlik problemlərinə ən yaxın olan strukturlardır və burada qadınların təmsilçiliyi xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, Şərur rayonu üzrə 1 şəhər və 64 kəndi əhatə edən 12 bələdiyyədə ümumilikdə 140 bələdiyyə üzvü fəaliyyət göstərir ki, onların 40 faizini qadınlar təşkil edir. Bələdiyyə sədrlərinin 33,3 faizi, müavinlərinin isə 16,7 faizi qadınlardır. 1 şəhər və 38 kəndi əhatə edən ərazinin bələdiyyəsinə kişi, 26 kəndi əhatə edən əraziyə isə qadın sədrlər rəhbərlik edir.

Komitə sədri qadınların təmsilçiliyinin təkcə statistik göstərici olmadığını, eyni zamanda daha ədalətli, inklüziv və ehtiyaclara cavab verən qərarların qəbuluna zəmanət olduğunu vurğulayıb. O bildirib ki, ailə institutunun möhkəmləndirilməsi, qadınların ictimai-siyasi və iqtisadi fəallığının artırılması, uşaqların hüquqlarının müdafiəsi Komitənin əsas fəaliyyət istiqamətlərindəndir və bu istiqamətdə icmalarla birgə fəaliyyət mühüm rol oynayır.

Çıxışda, həmçinin, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun tətbiqi və bu sahədə müvafiq komissiyaların fəaliyyətinin əhəmiyyəti qeyd olunub.

Daha sonra çıxış edən Dizə Bələdiyyəsinin sədri Yeganə Məmmədova qadınların yerli idarəetmədə artan rolunu vurğulayaraq onların yalnız icraedici deyil, təşəbbüskar və yönverici funksiyalarla çıxış etmələrinin sevindirici hal olduğunu qeyd edib.

Tədbirdə, həmçinin, Komitənin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva təqdimatla çıxış edərək qadınların hərtərəfli inkişafı, təhsilə və iş imkanlarına çıxışının təmin olunması, zorakılığa qarşı mübarizə və sosial dəstək proqramlarının hazırlanmasının Komitənin prioritetləri olduğunu bildirib.

Görüşdə bələdiyyə və gender komissiyalarının üzvləri, sədr və müavinlər olmaqla ümumilikdə 120 nəfər iştirak edib.