
Ulu Öndər Heydər Əliyevin ətraf mühitin sağlamlaşdırılmasında əvəzsiz rolu
Tarixi təcrübə sübut edir ki, yalnız güclü siyasi liderlərin yetişdirdiyi xalqlar, həmin liderlərin güclü iradəsi sayəsində öz milli sərvətlərinə sahib olmaq və onları gələcək inkişafa yönəltmək imkanı qazanırlar. Ulu Öndər Heydər Əliyev də bu missiyanı uğurla həyata keçirmişdir. Bu böyük dövlət xadiminin irəli sürdüyü strategiya bu gün artıq reallığa çevrilmişdir. Heydər Əliyev respublikamızın ekoloji problemlərinin həllini, mövcud təbiət abidələrinin qorunub saxlanmasını daim diqqətdə saxlamış, ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə xüsusi qayğı ilə yanaşmışdır. O, Azərbaycanın bütün bölgələrini gəzmiş, ölkəmizin gözəl təbiəti ilə yaxından tanış olmuşdur. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş ekoloji qərarlar çərçivəsində bir çox qanunlar və sərəncamlar imzalanmış, bu tədbirlər böyük səmərə vermişdir.
Heydər Əliyevin zəngin maddi sərvətlərimizə, yaşıllıqlara, dağlara, çaylara, meşələrə, bulaqlara və ümumiyyətlə təbiətə münasibəti onun azərbaycançılıq ideyasının ayrılmaz hissəsi idi. O, hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanda yeni ekoloji düşüncənin formalaşmasına zəmin yaratmış, nəticədə təbiətə və ekologiyaya yeni baxış tərzi formalaşmışdır. Heydər Əliyevin dövründə elmi-tədqiqat və təhsil müəssisələrinə, nəbatat bağlarına göstərilən qayğı, beynəlxalq öhdəliklərlə birlikdə qanunvericiliyin təkmilləşdirilməsi, biomüxtəlifliyin və ətraf mühitin mühafizəsi ilə bağlı çoxsaylı beynəlxalq konvensiyaların imzalanması həyata keçirilmişdir. Akademik Cəlal Əliyevin rəhbərliyi ilə ölkəmizdə ilk Milli Bitki Genbankı, toxum bankları və Biomüxtəliflik üzrə Dövlət Komissiyası yaradılmışdır. Bundan başqa, Genetik Ehtiyatlar üzrə Milli Proqram, Biomüxtəliflik üzrə milli strategiyalar (2006-cı ildən başlayaraq) qəbul edilmiş, yeni elmi-tədqiqat institutları inkişaf etdirilmiş, botanika bağlarının sayı artırılmışdır. Həyata keçirilən bütün bu tədbirlər Heydər Əliyevin Azərbaycan təbiətinə verdiyi dəyərin ən böyük göstəricisidir.
Ümummilli lider Heydər Əliyev 1969-1982-ci illərdə respublikada həyata keçirilən beynəlxalq təbiəti mühafizə tədbirlərinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. Bu dövrdə ətraf mühitin mühafizəsi sahəsində 8 qanun qəbul edilmiş, hökumət səviyyəsində isə 30-dan artıq qərar təsdiq olunmuşdur. Heydər Əliyev Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi istiqamətində məqsədyönlü siyasət yürütmüşdür. Onun rəhbərliyi ilə böyük su hövzələrinin yaradılması, şoran torpaqların təmizlənməsi üçün drenaj sistemlərinin inşa edilməsi, meşə zolaqlarının salınması, flora və faunanın qorunması və inkişaf etdirilməsi məqsədilə bir çox dövlət qoruqları və yasaqlıqlar təsis edilmişdir. Məsələn, Şirvan (1969), Bəsitçay (1974), Ağ göl (1978) və İsmayıllı (1981) kimi qoruqlar yaradılmışdır. Bundan əlavə, Abşeron və Gəncə kimi şəhərlərdə iri yaşayış massivləri salınmış, sutəmizləyici qurğular inşa edilmişdir. Lənkəran və Masallı bölgələri üçün mühüm suvarma dəryaçaları olan Xanbulançay və Viləşçay dəryaçaları tikilmişdir. Bu dəryaçalar əkin torpaqlarının suvarılmasına xidmət etməklə yanaşı, həmin bölgələrin təbiətinin zənginləşdirilməsinə, ekoloji mühitin balanslaşdırılmasına və qiymətli balıq növlərinin yetişdirilməsinə şərait yaratmışdır. 1993-cü ildə yenidən hakimiyyətə gələn Ulu Öndərimiz ekoloji problemlərə xüsusi diqqət yetirmişdir. Onun rəhbərliyi ilə yaşıllıq, su və torpaq resurslarının qorunması haqqında yeni qanunlar qəbul edilmişdir. 1998-ci ildə “Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Planı” hazırlanmış və bu proqram çərçivəsində müasir Təhlükəli Tullantılar Poliqonu, eləcə də Xıllı Nərə Balıqartırma Zavodu inşa edilmişdir. 2003-cü ildə Heydər Əliyev tərəfindən “Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişafa dair Milli Proqram” təsdiq edilmişdir. Bu proqram əsasında ətraf mühitin müxtəlif sahələrini əhatə edən 4 milli dövlət proqramı və Kompleks Tədbirlər Planı həyata keçirilmişdir. Heydər Əliyev ağaclara və təbiətə xüsusi münasibət bəsləmiş, bu barədə fikirlərini belə ifadə etmişdir: “Mən 1993-cü ildə Bakıya gələrkən, bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsilməsini görərkən, elə bildim ki, məni yaralayıblar… İnsan qurmalıdır, yaratmalıdır… hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir.” Bu sözlər onun təbiətə sevgisini və canlı aləmin gələcəyini düşünən uzaqgörən lider olduğunu sübut edir. Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütövlükdə dünya təbiətinin qorunması üçün müstəsna işlər görmüşdür.
Azərbaycan müstəqillik qazandıqdan sonra ətraf mühitin mühafizəsi və ekologiya sahəsində dövlət siyasətinin əsası ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə formalaşmışdır. Xüsusilə 1993-cü ildən etibarən Bakı və Abşeron yarımadasının yaşıllaşdırılması, ekoloji tarazlığın bərpası istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilməyə başlanmışdır. Bu fəaliyyətlərin mühüm addımlarından biri 2001-ci ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması olmuşdur. Azərbaycan, Heydər Əliyevin rəhbərliyi ilə ətraf mühitin mühafizəsi və biomüxtəlifliyin qorunması sahəsində bir sıra qlobal konvensiyalara qoşulmuşdur. Bunlara daxildir: UNESCO-nun Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiyası (1993), Kökünün Kəsilməsi Təhlükəsi Olan Vəhşi Fauna və Yabanı Flora Növlərinin Beynəlxalq Ticarəti haqqında Konvensiya (1998), Avropanın Canlı Təbiətinin və Təbii Mühitinin Qorunması haqqında Avropa Konvensiyası (Bern Konvensiyası, 1999), BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyası (2000), Bioloji Müxtəliflik üzrə Biotəhlükəsizliyə dair Kartagena Protokolu (2005), UNESCO-nun Sulu-Bataqlıq Yerlər haqqında Konvensiyası (Ramsar Konvensiyası, 2000), Avropa Landşaft Konvensiyası (2011).
Heydər Əliyevin irsi xalqımız üçün böyük mənəvi sərvətdir. Ulu Öndər Azərbaycan dövlətinin qurucusu kimi tariximizdə əvəzolunmaz yer tutmuşdur. Bu gün Azərbaycan onun müəyyənləşdirdiyi strategiya sayəsində inkişafını davam etdirir. Ekologiya sahəsində Heydər Əliyevin siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyev, Ulu Öndərin verdiyi tövsiyələri uğurla həyata keçirməkdədir. Hazırda ölkədə ətraf mühitin qorunması istiqamətində milli məfkurəyə əsaslanan elmi idarəetmə sistemi formalaşmışdır. Həyata keçirilmiş tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 893 min hektara çatdırılmışdır. Bu ərazilərə 10 dövlət təbiət qoruğu, 10 milli park və 24 dövlət təbiət yasaqlığı daxildir ki, bunlar ekosistemlərin, flora və fauna növlərinin qorunmasında mühüm rol oynayır. Bu uğurlar, Ulu Öndərin müəyyənləşdirdiyi strategiyanın davam etdirildiyini və onun ekoloji siyasətinin bu gün də Azərbaycanın inkişafına böyük töhfə verdiyini göstərir.
Samirə MUSTAFAYEVA
Naxçıvan Dövlət Universiteti Nəzdində Naxçıvan Dövlət Texniki Kolleci
Aytən KƏRİMOVA
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təbii Ehtiyatlar İnstitutu