Uşaqların Müdafiəsi Günü Culfa rayounda qeyd edilib -

Uşaqların Müdafiəsi Günü Culfa rayounda qeyd edilib - FOTO

31 May 2025

“Konstitusiya və Suverenlik İli” çərçivəsində “1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü” münasibətilə muxtar respublikanın rayonlarında keçirilən silsilə tədbirlərin sonuncusu Culfa rayonunda baş tutub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirin əvvəlində uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir. Uşaqların istedad və bacarıqlarının təbliğinə xidmət edən bu sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Culfa Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdikləri tədbir Ulu Öndər Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib

Culfa Rayon İcra Hakimiyyətinin başçısının müavini Sara Hüseynova tədbiri çıxış nitqi ilə açaraq “1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü” münasibətilə uşaqları təbrik edib, onlara göstərilən dövlət qayğısından və sağlam, savadlı, vətənpərvər ruhda böyümələrinin əhəmiyyətindən danışıb. Həmçinin S.Hüseynova uşaqlara göstərilən qayğıya görə dövlətimizə təşəkkürünü bildirib. O, vurğulayıb ki, ölkəmizdə uşaqların hüquqlarının qorunması, onların hərtərəfli inkişafı və xoşbəxt gələcəklərinin təmin olunması istiqamətində mühüm addımlar atılır.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova çıxış edərək uşaqların hüquqları, onların cəmiyyətin inkişafında rolu və dövlət tərəfindən uşaqların rifahının təmin olunması istiqamətində görülən işlərdən bəhs etmişdir. Aytən Məmmədova qeyd etmişdir ki, uşaqlar hər bir cəmiyyətin sabahıdır, gələcəyin qurucularıdır. Onların hüquqlarının qorunması, təhlükəsiz və sağlam mühitdə böyümələri, keyfiyyətli təhsil almaları və hərtərəfli inkişaf etmələri dövlətin əsas prioritetlərindəndir. Bu məqsədlə ölkəmizdə bir sıra qanunvericilik aktları qəbul edilmiş, müvafiq dövlət proqramları icra olunmaqdadır. Sədr müavini ailənin uşağın tərbiyəsində və formalaşmasında əsas amil olduğunu qeyd edərək bildirmişdir ki, milli-mənəvi dəyərlərə əsaslanan sağlam ailə mühiti uşağın şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Dövlət tərəfindən ailələrin sosial rifahının yüksəldilməsi və uşaq hüquqlarının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər bu sahədə uğurlu nəticələrin əldə olunmasına səbəb olmuşdur. A.Memmədova ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət uşaq siyasətinin bu gün Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.

Çıxışının sonunda Aytən Məmmədova 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları səmimi qəlbdən təbrik etmiş, onlara sağlam həyat, xoşbəxt gələcək arzulamışdır. O bildirib ki, uşaqların rifahı və xoşbəxtliyi üçün çalışmaq hər birimizin borcudur və bu istiqamətdə görülən işlər gələcəyimizin daha da parlaq olmasına zəmin yaradır.

Tədbirdə Culfa rayonu üzrə təhsil sahəsində ən yüksək nəticə göstərən şagird Əliyusif Qasımlı çıxış edərək qazandığı uğurlardan danışıb, yaradılan şərait, göstərilən diqqət, müasir təhsil imkanları və dəstəyə görə minnətdarlığını bildirib.

Tədbir çərçivəsində rayon üzrə 2024–2025-ci tədris ilində təhsil, idman və incəsənət sahələrində yüksək nailiyyətlər əldə etmiş uşaqlara Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplom və hədiyyə, Culfa Rayon İcra Hakimiyyəti tərəfindən isə hədiyyələr təqdim edilib. 

Tədbirin bədii hissəsində Culfa rayonu üzrə fəaliyyət göstərən Uşaq Musiqi məktəbləri, tam orta məktəblərin şagirdləri və körpələr evi-uşaq bağçasının balaca fidanları tərəfindən vətənpərvərlik mövzusunda şeirlər, mahnılar və rəqs nömrələri nümayiş etdirilib.