
“XII Qlobal Bakı Forumu” Azərbaycanın sülhün təminatçısı olduğunu bir daha göstərir
Azərbaycanın beynəlxalq səviyyəli nüfuzlu tədbirlərə ev sahibliyinin artıq mükəmməl nümunəsi formalaşmışdır. Ölkəmiz beynəlxalq tədbirlərə ev sahibliyi etməklə qlobal dialoqun və əməkdaşlığın təşviqinə mühüm töhfə verir. Bakı dünyanın müxtəlif ölkələrindən siyasətçiləri, ekspertləri və ictimai xadimləri bir araya gətirən bir çox nüfuzlu konfrans və forumlara ev sahibliyi edərək qlobal müzakirələrin mərkəzinə çevrilmişdir. "Dünya düzənin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda keçirilən XII Qlobal Bakı Forumu da bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Bu tədbir Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın oynadığı mühüm rolu bir daha nümayiş etdirdi. Forum çərçivəsində aparılan müzakirələr Azərbaycanın sülh və sabitlik strategiyasını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün geniş imkanlar yaratdı. Azərbaycanın bölgədə və dünya siyasətində oynadığı rol, dünya nizamının yenidən gözdən keçirilməsində güc mərkəzlərinin geosiyasi maraqlarının ortaya qoyulması baxımından da formun önəmli rolu oldu.
Azərbaycanın ev sahibliyi etdiyi Qlobal Bakı Forumu artıq beynəlxalq səviyyədə nüfuzlu platformaya çevrilib. Bu il 12-ci dəfə təşkil olunan forumda əsas müzakirə mövzularından biri Cənubi Qafqazda sülh və təhlükəsizlik oldu. Azərbaycan bu mötəbər tədbir çərçivəsində bir daha sübut etdi ki, regionda davamlı sülhün və sabitliyin təminatçısı məhz özüdür. "Dünya düzənin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda keçirilən XII Qlobal Bakı Forumu dünyanın aparıcı siyasətçiləri və ekspertləri üçün dialoq mühiti yaratmaqla yanaşı, Azərbaycanın beynəlxalq arenadakı mövqeyini daha da möhkəmləndirən bir platformaya çevrildi. Forum çərçivəsində Cənubi Qafqazın gələcəyi, təhlükəsizlik məsələləri, iqtisadi inkişaf və sülh prosesləri, enerji diplomatiyası kimi vacib məsələlər müzakirə edildi. Azərbaycan Prezidenti İlham Əliyevin açılış nitqində vurğuladığı kimi, ölkəmiz regionda sabitliyin qorunması üçün real addımlar atır və bu istiqamətdə beynəlxalq əməkdaşlığı genişləndirir. Prezident çıxışı zamanı qeyd etdi ki, "Azərbaycan regionda sabitlik və təhlükəsizliyin əsas təminatçısıdır. Bizim atdığımız addımlar və təşəbbüslər, xüsusilə bərpaolunan enerji layihələri, regionun inkişafına mühüm töhfələr verir". Ölkə Prezidentinin çıxışında Azərbaycanın enerji diplomatiyasının perspektivləri də aydın şəkildə əksini tapırdı “Bu gün Azərbaycanda yaradılmış enerji istehsalı imkanları 8 giqavatdır. 2030-cu ilə qədər bizim bərpaolunan enerjidən, əsasən günəş və küləkdən, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərdəki hidroresurslardan əlavə 6.5 giqavatlıq enerji güclərimiz olacaq. Beləliklə, biz bu günə olan potensialımızı demək olar ki, iki dəfə artıracağıq”.
Azərbaycan 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi qələbədən sonra bölgədə sülhün bərqərar olması üçün mühüm təşəbbüslər irəli sürmüşdür. Sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması və iqtisadi inteqrasiyanın təmin edilməsi kimi məsələlər Azərbaycanın sülh siyasətinin əsas komponentləridir. Forum çərçivəsində müzakirə olunan mövzular sırasında bu təşəbbüslər xüsusi diqqət mərkəzində olub. Prezident İlham Əliyev çıxışında bu kontekstdə bildirdi ki, "Bizim məqsədimiz regionda daimi sülhü təmin etmək və əməkdaşlıq üçün yeni imkanlar yaratmaqdır. Azərbaycan uzunmüddətli sabitliyin əsasını qoyur".
XII Qlobal Bakı Forumu yalnız Azərbaycanın deyil, bütövlükdə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən mühüm tədbir kimi Avropa, Asiya və Amerikanın nüfuzlu siyasətçiləri, keçmiş dövlət və hökumət başçılarını bir araya gətirərək regional və qlobal problemlərlə bağlı mövqe ortaya qoydu. Forumda xüsusilə Cənubi Qafqazdakı vəziyyət və Azərbaycanın burada oynadığı rola dair müzakirələr geniş yer aldı. Forum çərçivəsində keçirilən panellərdə Azərbaycanın sülh təşəbbüslərinin qlobal sülh proseslərinə inteqrasiya olunması məsələsi də xüsusi diqqət çəkib. Prezident İlham Əliyev ölkəmizin mövqeyini ortaya qoyaraq bildirmişdir ki, "Azərbaycanın təşəbbüsləri yalnız region üçün deyil, bütün Avrasiya məkanı üçün vacibdir. Biz beynəlxalq tərəfdaşlarımızla əməkdaşlığı gücləndirməkdə maraqlıyıq".
"Dünya düzənin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda keçirilən XII Qlobal Bakı Forumu bir daha sübut etdi ki, Azərbaycan təkcə regional güc deyil, həm də Cənubi Qafqazda sülhün və sabitliyin əsas təminatçısıdır. Forum, beynəlxalq ictimaiyyət üçün Azərbaycanın sülh siyasətini daha dərindən anlamaq imkanı yaratdı və ölkəmizin beynəlxalq arenada nüfuzunu daha da artırdı. Prezident İlham Əliyevin vurğuladığı kimi, "Azərbaycanın məqsədi gələcəyə yönəlmiş strategiya çərçivəsində inkişaf və sabitliyi təmin etməkdir". Azərbaycanın təşəbbüsləri və XII Qlobal Bakı Forumunun rolunu nəzərə alaraq qeyd etmək olar ki, bu tədbir Cənubi Qafqazda uzunmüddətli sabitliyin formalaşmasına mühüm töhfə verəcəkdir.
Əli HƏŞİMOV
Ali Məclisin deputatı