Zəfərin təntənəsi
Naxçıvan ədəbi mühitində Qarabağ və Zəfər mövzusu
Məlum olduğu kimi, Qarabağ mövzusu müasir dövr ədəbiyyatımızda mühüm yer tutur. Faşist ideologiyasına sahib xain qonşular olan ermənilərin Azərbaycanın qədim və əzəli torpaqlarına olan ərazi iddiaları vətənimizin dilbər guşəsi və qədim mədəniyyət mərkəzi olan Qarabağ üzərinə daha sıx köklənmiş və bunun üzərinə bu ad altında üumiləşmişdir. Bu mənada ədəbiyyatdakı Qarabağ mövzusu həm də, ümumiyyətlə, Azərbaycanın ərazi bütövlüyü ideyasını özündə ehtiva edən geniş miqyaslı və xüsusi tədqiqat tələb edən olduqca aktual bir mövzudur. Bu mövzu ümumən Azərbaycanın ərazi bütövlüyü məsələsi kimi Qarabağ və onun ətrafı ərazilərlə bərabər, ermənilərin daha çox iddiasında olduqları və 1990-cı ilin yanvarında ilk hərbi müdaxilə olunan Naxçıvanın ərazi bütövlüyü məsələsini də əhatə edir. Naxçıvan ədəbi mühitinin nümayəndələri həm birinci Qarabağ müharibəsinə, yəni problemin kökü və onun ilk mərhələsinə dair əsərlər ortaya qoymuş, həm də müharibənin ikinci və əsas, həlledici mərhələsi olan Vətən müharibəsi və Zəfər Gününə aid əsərlər ərsəyə gətirmişlər. Bu əsərlərdə Azərbaycan xalqının, onun əsas hissəsindən ayrı düşmüş Naxçıvan əhalisinin mübarizəsi, əzmi, vətənpərvərliyi, qəhrəmanlığı, bu istiqamətdə baş verən hadisələr və s. yer almış, bədii şəkildə əks etdirilmişdir.
Azərbaycan xalqının tarixi taleyinə yazılan Qarabağ problemi və onun timsalında ərazilərinin işğal edilməsi mövzusu bütün Azərbaycan ədəbiyyatında, o cümlədən Naxçıvan ədəbi mühitində müstəqillik illərinin başlıca mövzularından olmuşdur. Xalqımız üçün başlıca məsələ olan ərazi bütövlüyü anlayışını özündə ehtiva edən Qarabağ mövzusu bədii ədəbiyyatda özünü üç istiqamətdə daha qabarıq təzahür etdirir: 1. Ərazi iddiaları olan Azərbaycan torpaqlarının ədəbi əsərlərdə vəsfi, tərənnümü və təsviri məsələsi. Belə ki, Azərbaycanın əzəli ərazləri olan bu torpaqlar bütün zamanlarda ədəbiyyat adamları tərəfindən vəsf və tərənnüm edilmiş, müxtəlif mövzulu əsərlərin çox zaman baş qəhrəmanına, hadisələrin mərkəzinə, məkanına çevrilmiş, qəhrəmanların ana vətin olaraq təsvir edilmişdir; 2. Ermənilərin ərazi iddialarının hərbi müdaxilələrlə müşaiyət olunduğu Birinci Qarabağ müharibəsi dönəmini özündə əks etdirən əsərlər; 3. 44 günlük Vətən müharibəsi dövrünü və Zəfər mövzusunu əhatə edən əsərlər.
Xalq şairi Məmməd Araz və Kəmalə Ağayeva da daxil olmaqla Naxçıvan ədəbi mühitinin çoxsaylı nümayəndələri bu mövzuya olduqca həssas münasibət göstərmiş, Vətənəmizin dilbər guşələri olan Qarabağı, Şuşanı və b. gözəllik və mədəniyyətin müqəddəs məkanı olaraq öymüşlər. Xalq şairi Məmməd Araz, Kəmalə Ağayeva, Asim Yadigar, Vaqif Məmmədov, İbrahim Yusifoğlu və başqaları poeziyada Qarabağ mövzusu və torpaqların erməni işğalına məruz qalması kədərini də dilə gətirmişlər. Naxçıvanda ermənilərin Sədərəyə atdığı odlu güllələrlə başlanan qanlı müharibə - Birinci Qarabağ müharibəsi poeziyada bütün faciələrilə əks etdirilmişdir. Hələ 90-cı illərdə müharibənin ilk dövrlərində bu mövzuda ən yaxşı əsərlər yazanlar sırasında Naxçıvan ədəbi mühtinin qiymətli nümayəndələrindən olan Həsən Fətullayev-Elsevərin “Qaçmaq igidlik deyil”, “Kəşfiyyatçılar”, “Girov” kimi hekayələri, “Xankəndinin qartalı” pyesi məhz Azərbaycanın ərazi bütövlüyünün qorunmasında Azərbaycan övladlarının qəhrəmanlığı və qələbə uğrunda apardığı inadlı mübarizəsi öz əksini tapmışdır. Kəmalənin “Solan qönçələr”, “Gözü yolda qalan var” poemaları, Vaqif Məmmədovun “Bizim ellər yaylağından dönmədi”, “Xocalı haqqında düşüncələr”, “Ağlama, bacı, ağlama”, “Qara çadırlar”, “Bu kənd niyə yetimdir”, “Dərdin də qoşası, cütü olurmuş”, “Dəyanət dəmiydi, qeyrət dəmiydi”, “Şəhid ataları yerə baxırdı”, “Nədir bu körpənin günahı, Allah”, “Diz çökürəm bu qeyrətin önündə”, Asim Yadigarın “Oğul dağı”, “Qisas qiyamətə qalmaz” poemaları, “Hücum əmri ver mənə”, “Döyüş əmri ver mənə” və b. şeirləri, Vəli Qaraxanın “Qaçqın çadırları”, “Fevralın 25-dən 26-na keçən gecə”, “Evində ermənilər tərəfindən qətlə yetirilən Zəhraya” əsərləri Qarabağ, ümumən Azərbaycanın ərazi bütövlüyü problemi və məsələlərini özündə ehtiva etmişdir. Maraqlıdır ki, müharibənin ilk illərinə təsadüf edən dövrdə Həsən Fətullayev bədii nəsrdə bu mövzunu maraqlı şəkildə işləməyə müvəffəq olmuş və onun nəsrdəki ənənələrini formalaşdırmışdır. Əbülfəz Ülvinin “Üçüzlər”, A.İmanlının “Müharibə başlandı” hekayələrində, eləcə də hərbçivə yazıçı Şükür Qafarın “Savaş hələ bitməyib” sənədli romanında və s. bu mövzu baş edilərək maraqlı nümunələr ortaya qoyulmuşdur.
Birinci Qarabağ müharibəsi kimi tarixə yazılan qanlı müharibənin ilk mərhələsində Azərbaycan xalqının sarsılmayan iradəsi, tükənməyən qeyrəti, nəhayətsiz qəhrəmanlığı və göstərdiyi el birliyinə baxmayaraq siyasi və hərbi dəstək etibarilə tamamilə tək və tənha buraxılmış Azərbaycan qüdrətli dövlətlərin ikiüzlü siyasəti və Ermənistana hərbi-siyasi dəstəyi nəticəsində məğlub düşdü. Hələ bu azmış kimi də 20 min şəhid verdi, 20 faiz torpaqları işğal edildi, Xocalı kimi misligörünməmiş soyqırımı faciəsini yaşadı və əlbəttə, dərindən sarsıldı, sınıq düşdü. Amma mübarizə əzmi, torpaq sevgisi, vətən bütövlüyü idealı ölmədi, yaşadı və xalqımızı daha da güclənməyə, ölkəmizin qüdrətlənməsinə sövq etdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqın təkidli tələbilə siyasi hakimiyyətə gələndən sonra ölkəmiz günü-gündən inkişaf yoluna qədəm qoydu. Azərbaycan dövləti qüdrətli ordu yaratmaq uğrunda ciddi işlər həyata keçirdi. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasi kursu, doğru və faydalı əməkdaşlıqları sayəsində müdafiə qüdrətli, bütün hərbi tapşırıqları uğurla həyata keçirə bilən, hər cür müasir silah və sursatla təmin edilmiş Milli Ordu – Silahlı Qüvvələr fomalaşdırıldı. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan İlham Əliyevin ölkəmizə Prezident seçilməsilə başlanan yeni mərhələ dövlətimizə daha böyük imkanların qazandırılması müvbarizəsi ilə davam etdi. Ulu öndərin xeyir-duası, Azərbaycan xalqının birmənalı dəstəyi, güvəni ilə Prezident İlham Əliyev ölkəmiz üçün taleyüklü məsələlərin həllində daha prinsipiallıq və uğurlu, nəticəli siyasi kurs götürərək ölkəmizə böyük nailiyyətlər qazandırdı. Əlbəttə, bu nailiyyətlər 44 günlük şərəf – Vətən müharibəsi dövründə özünü bütün əzəmətilə təcəssüm etdirdi. Bu həssas və çətin günlərdə məhz Prezident İlham Əliyevin ətrafında sıx birləşən, ona bütün varlığı ilə inanan həmrəy bir xalq, eləcə də Ali Baş Komandanının bütün tapşırıqlarını dərhal və uğurla yerinə yetirməyə qabil, qüdrətli Milli Ordu var idi və bu, uğurlu bir rəhbərliyin məntiqi nəticəsini əks etdirirdi. 44 günə iki yüz ilin problemini kökündən sarsıdaraq həll edən Vətən müharibəsi Azərbaycan xalqına Zəfər müjdəsi verməklə ona sevinc, qürur, məğrurluq bəxş etdi. Atalar və oğullarla birlikdə döyüşən Azərbaycan xalqı Vətən heysiyyəti və vətənpərvərliyini təzahür etdirdi. Bu müharibədə Müzəffər Ali Baş Komandanın həm də dərin və düzgün dostluq münasibətlərilə də aparılan uğurlu siyasi fəaliyyətə malik oldğu bir daha sərgiləndi. Qardaş Türkiyə Cümhuriyyətinin dəstəyi hər addımda hər şəkildə özünü təzahür etdirdi, Dədə Qorqud dastanında oğuz igidləri bir-birinin köməyinə çatarkən dediyi kimi “Çal qılıcını, çatdım”, - dedi. Ermənilərin 30 ildə formalaşdırdıqları keçilməz sədləri inadla döyüşərək aşan Azərbaycan Ordusu mifik erməni ordusunu darmadağın edərək düşməni, Ali Baş Komandanımızın dediyi kimi, “iti qovantək qovdu” və öz doğma, əzəli torpaqlarını düşmən tapdağından azad etdi. Hadrutdan başlayan Zəfər sevinci Şuşa qalasında Qələbə bayramı ilə tamamlandı. Azərbaycan xalqı Prezident-Xalq birliyi və uzaqgörən liderlik fəaliyyəti sayəsində Böyük Zəfərə nail oldu. Və bu Vətən müharibəsi günlərində də, Zəfər çağlarında da ədəbiyyat adamları hər zaman əsgərlərlə birlikdə döyüşdü. Alman faşizmi üzərində qələbədən uzun illər sonra Azərbaycan yazıçıları, Naxçıvan ədəbi mühitinin nümayəndələri indi erməni faşizminin üzərində inadlı qələbədən sonra – öz Qələbəmiz, öz Zəfərimizlə öyünərək bu sevinci, qüruru, məğrurluğu misralara, sətirlərə tökərək gözəl, qiymətli ədəbi əsərlərlə çıxış etdilər. Son dövrlərin Zəfər hadisələrini Naxçıvan ədəbi mühitinin tanınmış nümayəndələrindən olan Asim Yadigar, Xanəli Kərimli, Alməmməd Eldaroğlu, Vəli Qaraxan, Ramiz Babayev, Əbülfəz Ülvi, Elxan Yurdoğlu, Qafar Qərib və başqaları poetik yaddaşa çevirmişlər. X.Kərimlinin “Bayrağını uca qaldır, ana vətən!” lirik poeması, A.Yadigarın “Zəfər yolu” lirik poeması, A.Eldaroğlunun “Qarabağa gedən yol”, “Şənüzlü Şuşam”, “Azərbaycan əsgəri”, “Dağlar aşıb səndə olan məhəbbət”, “Qazilər”, “Dağlar qartalı”, “Öpəndə torpağı bayraq kölgəsi”, Ramiz Babayevin “Mənim qalib komandanım”, “Ey Vətən, qələbə günün mübarək”, “Xoş gəldin, Şuşam” şeirləri, Ə.Ülvinin “Əsl dostluğun rəmzi”, “Dəmir yumruq”, “Xalqın bir xahişi var” şeirləri, E.Yurdoğlunun “Zəfər himni” əsəri, T.Arifqızının “Qarabağda 44 gün” şeirlər kitabı, həmçinin Şükür Qafarın “Savaş Zəfərlə bitdi” sənədli romanı Qələbə əzmli Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuzun Vətən müharibəsində düşmən üzərində qazandığı şanlı qələbəyə həsr edilmişdir. Naxçıvan yazıçılarının ağsaqqalı, tanınmış şair Asim Yadigar “Zəfər yolu” lirik poemasında Azərbaycan xalqının qələbə sevincini və qazanılan nailiyyətləri açılan Şuşa yolunun – Zəfər yolunun timsalında ümumiləşdirərək ifadə etmişdir
Soldurub baharını, gətirdik sərt qışını,
Axıdıb bu yerlərdə düşmənin göz yaşını,
Dəmir yumruqla əzdik onun murdar başını.
Bu yol qeyrət, cəsarət, bu yol hünər yoludur,
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!
Ali Baş Komandanım, yaşa, var ol, yüz yaşa!
Saldığın Zəfər yolu tamaşadır, tamaşa,
Bu yolu tutmalıyıq başdan-başa qumaşa.
Bu yol ata arzusu - bu yol Öndər yoludur,
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!
Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrindən olan şair Xanəli Kərimli isə Azərbaycan xalqının həssasiyyət, qeyrət yerinə çevrilən Qarabağı və 44 günlük Vətən müharibəsindən sonra əldə olunan Zəfər sevincini poetik misralarla belə ifadə edirdi:
Qarabağım!!! Qarabağım!!! İftixarım, şərafətim, baş tacımsan!!
Azadlığım, ucalığım, enməzliyim, əbədilik amacımsan, əlacımsan.
Səndən ötrü qan tökmüşük tarix boyu nəsil-nəsil, fəsil-fəsil,
Səndən ötrü qan tökürük bu gün də biz şəhid-şəhid, əsil-əsil.
… İndi daha Günəş doğub - zülmətlərin bağrın yaran yeni Günəş,
O Günəşin şəfəqindən güc alaraq işıqlanır yeni duyğu, yeni həvəs...
Bundan sonra səni səndə ovudacaq o Günəşin hərarəti,
Saflaşdırıb duruldacaq hər arzunu, hər istəyi, hər niyyəti.
Bundan sonra Xarıbülbül pardaqlansın, çiçəkləsin ürəyincə,
İsa bulaq hey çağlasın bundan sonra gərəyincə, görəyincə.
Səni sənə qaytardı o Haqqa bağlı ulu qüvvət, ulu qeyrət…
Şair Alməmməd Eldaroğlunun yaradıcılığı zəfər duyğularının tərənnümü ilə zəngin və özünəməxsusdur. 2020-ci ilin noyabrında Müzəffər və uzaqgörən, müdrik Ali Baş Komandan İlham Əliyevin və qəhrəman, şanlı döyüş qüdətinə malik olan Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı misilsiz qələbə hamının qəlbində, ruhunda coşqu və fərəh hissləri doğurduğu kimi, şair Alməmməd Eldaroğlunun da fəxarət mənbəyinə çevrilmişdir. Bu baxımdan onun növbəti kitabındakı şeirlərinin çoxunda məhz Qələbə sevinci, Zəfər duyğuları yer almışdır. Şair, əlbəttə ki, Vətənin bir, amma müqəddəs parçaları olan Qarabağa, Şuşaya həsr etdiyi şeirlərində, Ali Baş Komandana, rəşadətli ordumuza, qazilərimizə və şəhidlərimizə həsr etdiyi şeirlərində bütün sevinc və fəxarət duyğularını yaşatmış, bu sevinci yaşadanlara ümumxalq razılığını da poetik ustalıqla dilə gətirmişdir. “Baş komandan, Milli Ordu” şeirində şair 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanı, əzəmətli, müdrik şəxsiyyəti, ümumən yeni əsrdə Azərbaycanın işğal edilmiş torpaqlarının birdəfəlik həlli məsəsləsini köklü surətdə həll etməyə qadir olmuş Müzəffər Ali Baş Komandan İlham Əliyevə və şücaət və qəhrəmanlığı ilə hərb tarixinə qızıl hərflərlə adını yazdırmış Azərbaycan Milli Ordusuna minnətdarlıq hissləri, əbədi minnətdarlığı ifadə edilmişdir.
Azərbaycanın 2020-ci ilin noyabr ayında işğalçı və faşist Ermənistanın üzərində cəmi 44 günə qazandığı böyük Qələbə sevincindən yaranan vətəndaşlıq duyğularının coşqulu örnəkləri ilə süslənib. “Azərbaycan”, “Baş Komandan, Milli Ordu”, “Günəşdən bir zərrə”, “Haqq yolu”, “Vətən oğlu” kimi şeirlərdə Azərbaycan xalqının qələbə sevinci, zəfər məğrurluğu, milli qeyrət və qürur duyğuları yüksək poetik pafosla əksini tapmışdır:
Qartalların vurur halay,
Dağda-daşda bir samuray.
Düşmən salıb imdad, haray,
Baş Komandan, Milli Ordu!
Bayraq uca, uğur zəfər,
Qələbədi yürüş, səfər.
O, müzəffər, bu, müzəffər,
Baş Komandan, Milli Ordu .
Alməmməd Eldaroğlunun yaradıcılığında Qarabağ mövzusu və Azərbaycanın şanlı zəfər tarixi başlıca mövzu edilmişdir. “Qarabağa gedən yol”, “Şənüzlü Şuşam”, “Azərbaycan əsgəri”, “Dağlar aşıb səndə olan məhəbbət”, “Qazilər”, “Gah solur, açır gözlərim”, “Dağlar qartalı”, “Öpəndə torpağı bayraq kölgəsi” kimi əsərlərində Azərbaycan övladlarının vətən sevgisi və qəhrəmanlıq, cəsarət, fədakarlıq davranışlarını qürurla təqdim edilmişdir. Onun əsərlərində Qalib Xalq, Müzəffər Lider, Qüdrətli Ordu və Qalib Əsgər obrazları əsaslı yer almışdır. Onun əsərlərində Azərbaycan əsgərlərinin vətənə, xalqa olan məhəbbəti və onun bütövlüyü uğrunda göstərdiyi fədakarlıq və qəhrəmanlıqları tərənnüm edilmiş və nümunəyə çevrilmişdir. Bu əsərlərin bir qismi konkret bir ünvana - bir şəhidə, qaziyə həsr edilmişdir: “Dağlar aşıb səndə olan məhəbbət” şeiri şəhid Gözəlov Rüfət Əzim oğluna, “Gah solur, açır gözlərim” şeiri şəhid yoldaşı Gülay xanımın dilindən şəhid Novruzlu Ümid Bahadır oğluna, “Şəhidim qəhrəman leytenant Əli” əsəri şəhid leytenant Yusifov Əli Süləddin oğluna, “Dağlar qartalı” şeiri və eyniadlı poeması şəhid Məhəmmədhəsən Sadıqlıya, “Qayıt gəl” şeiri Rəna ananın dilindən övladı, şəhid Raqib Hüseynova, “Öpəndə torpağı bayraq kölgəsi” şeiri şəhid Novruzlu Ümid Bahadır oğluna həsr olunmuşdur.
Xalqımızın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi “İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur!”. Birmənalı və qətiyyətli olan bir reallıq var: Qarabağ Azərbaycandır! İnanırıq ki, bundan sonra ədəbiyyatımız yalnız Zəfər nəğmələri yazacaq…
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
Filologiya üzrə fəlsəfə doktoru, dosent








