ASAP Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirlər keçirib - FOTO
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) tərəfindən ölkəmizdə və Macarıstanda 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirlər keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, ASAP-ın təşkilatçılığı ilə Azərbaycan Gəncləri Günü ilə əlaqədar “Engage and Exchange” adlı şəbəkələşmə tədbiri baş tutub. ASAP-ın İdarə Heyəti, məzun birlikləri və xarici ölkələrdə fəaliyyət göstərən nümayəndəliklərinin üzvlərinin iştirakı ilə baş tutan tədbir zamanı gənclərin biri-birilərini daha yaxından tanıması, təcrübə və bilik mübadiləsinin aparılması, eləcə də gələcək əməkdaşlıq imkanlarının formalaşdırılması üçün müxtəlif şəbəkələşmə fəaliyyətləri keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən ASAP-ın İdarə Heyətinin sədri Milana Mir Feyzullazadə, ASAP-ın icraçı direktoru Güldanə Dadaşova və Azərbaycan Respublikası Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov xaricdə təhsil alan azərbaycanlı gənclərin ölkəmizin beynəlxalq arenada layiqli təmsilçiliyindəki rolu, bu istiqamətdə dövlət tərəfindən gənclərə verilən davamlı dəstək, eləcə də gənclərin bilik və bacarıqlarının inkişafına, qlobal şəbəkələrə inteqrasiyasına və ölkəyə qazandırılan insan kapitalının gücləndirilməsinə xidmət edən təşəbbüslərdən danışıblar. Qeyd olunub ki, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan gəncləri cəmiyyətin bütün sahələrində, eləcə də beynəlxalq arenada özlərini doğruldurlar.
Azərbaycan Gəncləri Gününə həsr olunmuş növbəti tədbir Macarıstanın Budapeşt şəhərində keçirilib. Macarıstandakı Azərbaycan Evində baş tutan “Youth Connect” adlı görüş zamanı azərbaycanlı gənclərlə il ərzində göstərdikləri fəaliyyət və gələcək prioritetlər barədə danışılıb. Eyni zamanda, gənclərin ictimai fəaliyyətlərdə fəal iştirakı, milli dəyərlərin təbliği, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və təşkilatlanmanın gücləndirilməsi məsələləri müzakirə olunub. Daha sonra isə istedadlı azərbaycan gənclərinin çıxışlarından ibarət musiqi və rəqs kompozisiyaları nümayiş etdirilib.
Əlavə olaraq, Azərbaycan Gəncləri Gününə həsr olunmuş video layihə hazırlanıb. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən ASAP nümayəndəlik üzvlərinin yer aldığı layihə çərçivəsində gənclər bu əlamətdar günün məna və əhəmiyyəti ilə bağlı düşüncələrini bölüşüb, Azərbaycan gənclərinə öz təbriklərini çatdırıblar.
















