Estoniyada 200 azərbaycanlı tələbə təhsil alır
Azərbaycandan Estoniyada 200 tələbə təhsil alır.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda estoniyalı həmkarı Marqus Tsahkna ilə brifinqdə deyib.
XİN başçısı həmkarı ilə danışıqlarda iki ölkə arasında beynəlxalq platformalarda qarşılıqlı dəstək barədə fikir mübadiləsi aparıldığını da vurğulayıb:
"Estoniya Avropa İttifaqının çox önəmli və fəal üzvüdür. Görüşümüz zamanı Avropa İttifaqı-Azərbaycan münasibətləri də müzakirə edildi, müxtəlif ölçülü danışıqlar və dialoqlar barədə fikir mübadiləsi aparıldı. Üzv ölkə olaraq, Estoniya Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərinə töhfə verə bilər və təbii ki bizim də bu çərçivədə öz gözləntilərimiz var".
C.Bayramov ikitərəfli əlaqələrin digər istiqamətlərinə toxunaraq Azərbaycandan Estoniyada 200 tələbənin təhsil aldığını, həmçinin ötən il bu ölkədən Azərbaycana 2000-ə yaxın turistin gəldiyini bildirib:
"Həmçinin təhsil müəssisələri arasında akademik mübadilə proqramları və akademik əlaqələr mövcuddur. Bunlar bizim tərəfdən müsbət qarşılanır, bu fəaliyyətə hər iki tərəfdən dəstək verilir".








