Azərbaycan idmançıları kombat ciu-citsu üzrə dünya çempionatında 4 qızıl medal qazanıb
Polşanın Mikolov şəhərində keçirilən kombat ciu-citsu üzrə dünya çempionatına yekun vurulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, Azərbaycanı turnirdə DİN-in İdman Cəmiyyətinin 9 idmançısı təmsil edib. İdmançılar yarışda “ground fight”, “full contact”, “close contact” və “self-defence” versiyalarında mübarizə aparıblar.
Çempionatda otuz altı yaşdan yuxarı idmançılar arasında Ceyhun Hüseynov (70 kiloqram) “full contact”, Ramin Yusifov (70 kiloqram) və Məğrur Əhmədov isə (93 kiloqram) “ground fight” versiyasında qızıl medal qazanıblar. Qadınların yarışında İlahə Vəliyevə “self defence” versiyalarında birinci, Günay Məmmədova (56 kiloqram) üçüncü yeri tutub.
16-17 yaşlı idmançıların mübarizəsində isə Ragiq Qəmbərov “ground fight” versiyasında çempionatın bürünc mükafatına yiyələnib.
Bununla da milli komanda mundialı 4 qızıl və 2 bürünc medalla başa vurub.
Komandaya DİN-in İdman Cəmiyyətinin məşqçi-müəllimi, Əməkdar məşqçi Rəsul Məmmədov rəhbərlik edib. Beynəlxalq Kombat Ciu-citsu Federasiyasının Hakimlər komitəsinin sədri olan R.Məmmədov dəfələrlə dünya, Avropa və Asiya çempionatlarının baş hakimi olub.