Azərbaycan istehsalı olan “Dostlug” tankerinin açılışı baş tutub - FOTO
“AZCON Holding”in şirkətlərindən olan Bakı Gəmiqayırma Zavodunda inşa edilən və Azərbaycan tərəfindən Türkmənistan hədiyyə olaraq təqdim olunacaq “Dostlug” neftdaşıyan tankerinin açılış mərasimi baş tutub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Batır Annayev, “Bakı Gəmiqayırma Zavodu” MMC-nin və “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəhbərliyi iştirak edib.
Mərasim zamanı qarşı tərəfə gəminin texniki göstəriciləri, təyinatı, istismar imkanları, eləcə də Bakı Gəmiqayırma Zavodunda həyata keçirilən cari və perspektiv layihələr barədə məlumat verilib.
Bildirilib ki, “Dostlug” neft məhsullarının daşınması üçün nəzərdə tutulmuş tankerdir. Gəminin ümumi uzunluğu 141 metr, eni 16,9 metr, dəniz suya oturumu 4,54 metr, dedveyti 7,875 ton, yük və çökdürmə tanklarının ümumi tutumu isə 9,056 kubmetr təşkil edir. Tanker hər birinin gücü 1,200 kVt olan iki baş mühərriklə təchiz edilib və 10 uzel sürətə malikdir.
“Dostlug” tankerinin inşası Bakı Gəmiqayırma Zavodunun irihəcmli və texnoloji baxımdan mürəkkəb gəmiqayırma layihələrini həyata keçirmək imkanlarını bir daha nümayiş etdirir.















