Azərbaycan qadını – milli dəyərlərin və cəmiyyətin dayağı

Azərbaycan qadını – milli dəyərlərin və cəmiyyətin dayağı

08 Mart 2026

Azərbaycan qadınları tarix boyu milli dəyərlərimizə sadiq qalaraq ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın qorunmasında mühüm rol oynayıblar. Onlar ailədə və cəmiyyətdə həm tərbiyəçi, həm də mənəvi dayaqlar kimi çıxış edərək gələcək nəsillərin formalaşmasına böyük töhfə veriblər.

Müasir Azərbaycan qadınları da bu ənənəni davam etdirərək öz bilikləri, zəhmətləri və fədakarlıqları ilə cəmiyyətin müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər. Onlar elm, mədəniyyət, siyasət, iqtisadiyyat və digər sahələrdə əldə etdikləri nailiyyətlərlə ölkənin inkişafına töhfə verirlər. Azərbaycan qadınlarının bir çox ölkələrin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi də onların yüksək mədəni və intellektual potensialının göstəricisidir.

Müstəqillik illərində Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində mühüm addımlar atılıb. Bu sahədə hüquqi baza yaradılıb, qadınların cəmiyyətin bütün sahələrində fəal iştirak etməsi üçün imkanlar genişləndirilib.

Ümummilli lider Heydər Əliyev ölkə həyatının bütün sahələrində qadınların roluna xüsusi önəm verir, onların fəaliyyətinə daim diqqət yetirirdi. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət tərəfindən həyata keçirilən siyasət nəticəsində qadınların cəmiyyətdə mövqeyi və nüfuzu daha da möhkəmlənib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da fəaliyyəti ilə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunun artmasına mühüm töhfə verir. Onun həyata keçirdiyi xeyriyyəçilik və mədəni layihələr Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasına xidmət edir.

Azərbaycan qadını hər zaman övladlarına Vətən sevgisini və vətənpərvərlik ruhunu aşılayıb. Xüsusilə İkinci Qarabağ Müharibəsi dövründə Azərbaycan qadınlarının yetişdirdiyi igid övladlar Vətən uğrunda böyük qəhrəmanlıq göstərdilər. Şəhid və qazi anaları xalqımızın ən böyük mənəvi dayaqlarından biri kimi yüksək hörmət qazanıblar.

Bütün bunlar göstərir ki, Azərbaycan qadınları həm ailənin, həm də cəmiyyətin inkişafında mühüm rol oynayır. Onların zəhməti, müdrikliyi və fədakarlığı ölkəmizin gələcəyinin daha güclü olmasına xidmət edir.

Sonda başda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva olmaqla bütün Azərbaycan qadınlarını səmimi qəlbdən təbrik edir, onlara sağlamlıq, xoşbəxtlik və uğurlar arzulayıram.

Nicat ALLAHVERDİYEV