Azərbaycan–Türkiyə qardaşlığını heç bir fitnə-fəsad sarsıda bilməz.

Azərbaycan–Türkiyə qardaşlığını heç bir fitnə-fəsad sarsıda bilməz.

10 Oktyabr 2026

Tarix boyu böyük dövlətlərin, xalqların və coğrafiyaların taleyinə təsir etmək istəyən qüvvələrin dəyişməyən bir qaydası olub,  güclü olanı zəiflətmək üçün əvvəlcə onun daxilində parçalanma yaratmaq. Bu gün Azərbaycanla Türkiyənin münasibətlərinə kölgə salmağa, iki qardaş xalq arasında şübhə və inamsızlıq yaratmağa hesablanmış kampaniyaları da məhz bu kontekstdə qiymətləndirmək lazımdır. Müxtəlif informasiya platformalarında, sosial şəbəkələrdə, ayrı-ayrı media resurslarında Azərbaycan və Türkiyəni bir-birinə qarşı qoymağa yönəlmiş fikirlərin artması təsadüfi görünmür. Ayrı-ayrı hadisələr böyüdülür, kontekstdən çıxarılır, şəxslərin fikirləri bütöv xalqların mövqeyi kimi təqdim edilir, adi fikir ayrılıqları isə qəsdən “düşmənçilik” kimi qələmə verilir. Məqsəd birdir: Türklə Türk arasında “biz” və “onlar” səddi yaratmaq. Lakin bu planın müəllifləri mühüm bir həqiqəti ya anlamır, ya da görməzdən gəlirlər. Azərbaycan–Türkiyə münasibətləri sosial şəbəkədə yaradılmış gündəmdən daha böyük, siyasi manipulyasiyalardan daha dərin və ayrı-ayrı şəxslərin mövqeyindən daha möhkəmdir.

Azərbaycan və Türkiyə iki müstəqil dövlətdir. Hər iki dövlətin öz milli maraqları, dövlət siyasəti, iqtisadi prioritetləri və beynəlxalq münasibətlər sistemi var. Buna görə də müəyyən məsələlərdə fərqli yanaşmaların ortaya çıxması tamamilə təbiidir. Lakin burada fundamental bir fərq var: Fikir ayrılığı düşmənçilik demək deyil. Məhz bunu qəsdən qarışdırmağa çalışanlar iki ölkənin münasibətlərini zəiflətmək üçün ən təhlükəli silahdan -yanlış təsəvvür yaratmaqdan istifadə edirlər. Azərbaycanla Türkiyənin münasibətləri sadəcə diplomatik əlaqələrdən ibarət deyil. Bu münasibətlər tarixin, dilin, mədəniyyətin, milli yaddaşın və qarşılıqlı etimadın üzərində formalaşıb. “Bir millət, iki dövlət” ifadəsinin geniş yayılması da təsadüfi deyil. Bu ifadə iki dövlətin hüquqi statusunu bir-birinə qarışdırmır,  əksinə, iki qardaş xalq arasında mövcud olan mənəvi və tarixi yaxınlığı ifadə edir.

Bu səbəbdən Azərbaycan-Türkiyə münasibətlərinə yalnız diplomatik protokol çərçivəsindən baxmaq böyük səhv olardı. Türkü türklə düşmən etmək kimə sərf edir? Azərbaycan və Türkiyə bir-birinə nə qədər güvənirsə, regionda birgə əməkdaşlıq və qarşılıqlı dəstək imkanları da bir o qədər genişdir. İqtisadi əlaqələr, enerji layihələri, nəqliyyat dəhlizləri, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq, regional proseslərdə qarşılıqlı siyasi dəstək, bütün bunlar Azərbaycan-Türkiyə münasibətlərini sadəcə emosional qardaşlıq anlayışından çıxararaq ciddi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Belə bir münasibətin mövcudluğu isə bölgədəki bütün aktorların maraqları ilə eyni istiqamətdə olmaya bilər. Deməli, iki qardaş ölkənin arasına nifaq salmaq istəyənlərin məqsədini yalnız “sosial şəbəkədə bir neçə insanın yazdığı sözlər” səviyyəsində görmək sadəlövhlük olardı. Güclü Azərbaycan və güclü Türkiyə bir-birindən uzaq deyil, bir-biri ilə əməkdaşlıq edən Azərbaycan və Türkiyədir. Bu reallığı zəiflətmək istəyənlərin ən böyük arzusu isə iki qardaş xalqın bir-birinə inamını sarsıtmaqdır.

Müasir dövrdə dövlətlərə qarşı təzyiq yalnız silahla həyata keçirilmir. Bəzən bir saxta məlumat, məqsədli şəkildə yayılan video, manipulyativ başlıq və ya kontekstdən çıxarılmış bir cümlə uzun illər ərzində formalaşmış etimadı zədələməyə yönəlmiş kampaniyanın alətinə çevrilə bilər. Bu baxımdan Azərbaycan və Türkiyə ictimaiyyətinin üzərinə böyük məsuliyyət düşür. Çünki bəzən düşmənin ən böyük uğuru yalanı hamıya qəbul etdirmək yox, insanları bir-birinə inandırmamaqdır. Azərbaycan xalqının yaddaşında Türkiyənin ən çətin günlərdə göstərdiyi mənəvi və siyasi dəstəyin xüsusi yeri olduğu kimi, Türkiyə xalqı da tarixin ağır sınaqlarında Azərbaycanın öz qardaşlarına verdiyi böyük dəstəyi heç vaxt unutmayıb.

Bütün bunlar bir şeyi sübut edir: Azərbaycan–Türkiyə münasibətləri yalnız rahat günlərin münasibəti deyil. Bu münasibət sınaqlardan keçmiş münasibətdir. Sınaqdan keçən bağ isə ilk küləklə qopmur. Qardaşlıq kor-koranə eynilik deyil. Bəzən qardaşlıq anlayışını yanlış təqdim edənlər olur. Sanki iki qardaş ölkə hər məsələdə eyni fikirdə olmalı, hər hadisəyə eyni cür münasibət göstərməlidir. Xeyr. Əsl qardaşlıq bir-birinin fərqliliyinə hörmət etmək, problemləri açıq şəkildə müzakirə etmək və ortaq maraqları qorumaqdır. Azərbaycan öz dövlətçiliyinə, milli maraqlarına və müstəqil siyasətinə sahib dövlətdir. Türkiyə də öz milli maraqları və dövlətçilik ənənələri olan müstəqil dövlətdir. Məhz buna görə Azərbaycan-Türkiyə münasibətlərinin gücü onların bir-birinin daxili işlərinə qarışmadan, qarşılıqlı hörmət və etimad əsasında strateji əməkdaşlıq qurmasındadır. İki dövlətin müstəqilliyi onların qardaşlığına maneə deyil, əksinə, sağlam və bərabərhüquqlu münasibətlərin təməlidir. 

Bu gün Azərbaycan və Türkiyə cəmiyyətləri hər bir təxribatı dövlətlərarası münasibətlərin böhranı kimi qəbul etməməlidir. Çünki sosial şəbəkədə yazılan hər söz Azərbaycan xalqının mövqeyi olmadığı kimi, Türkiyədə hansısa şəxsin söylədiyi fikir də bütün Türkiyə cəmiyyətinin mövqeyi deyil. Bir neçə şəxsin məsuliyyətsiz davranışını milyonlarla insanın münasibətinə çevirmək ən böyük manipulyasiyalardan biridir. Buna imkan vermək olmaz. Bizim vəzifəmiz hər söhbətdə eyni fikri müdafiə etmək deyil, düşmənin bizim aramızda düşmənçilik yaratmasına imkan verməməkdir. Çünki Azərbaycan-Türkiyə münasibətləri bir neçə siyasətçinin münasibətindən ibarət deyil. Bu münasibət milyonlarla insanın yaddaşındadır, Ana dilindədir, musiqidədir, ədəbiyyatdadır, ailə münasibətlərindədir, tarixi xatirələrdədir, ortaq mədəni dəyərlərdədir və nəhayət bir-birinin sevincinə və kədərinə göstərilən münasibətdədir. Bu səbəbdən kimsə iki qardaş dövlət arasında müəyyən fikir ayrılıqlarını böyüdərək xalqlar arasında düşmənçilik yaratmaq istəyirsə, bilməlidir ki, qarşısında asanlıqla manipulyasiya ediləcək iki toplum dayanmır. Qarşısında öz tarixi yaddaşına sahib iki qardaş xalq dayanır. Azərbaycan və Türkiyə qarşı-qarşıya qoyula bilməz. Dünyanın siyasi xəritəsi dəyişə bilər, hakimiyyətlər dəyişə bilər, siyasi gündəmlər dəyişə bilər, beynəlxalq münasibətlərdə yeni proseslər yarana bilər. Amma Azərbaycanla Türkiyənin münasibətlərinin əsasını təşkil edən tarixi və mənəvi bağların bir kampaniya ilə yox olması mümkün deyil. Bu o demək deyil ki, iki qardaş ölkə arasında heç vaxt problem olmayacaq. Əksinə, iki müstəqil dövlət arasında müxtəlif məsələlər üzrə müzakirələrin, fərqli mövqelərin və diplomatik fikir ayrılıqlarının olması normaldır. Amma problem başqa şeydir, düşmənçilik başqa. Azərbaycan və Türkiyə öz problemlərini qarşılıqlı hörmət və dövlətlərarası dialoq yolu ilə həll edə bilər və etməlidir. Kənardan kiminsə iki qardaş ölkəyə “düşmən” obrazı verməsinə isə imkan verilməməlidir.

Bu gün Azərbaycanla Türkiyənin arasına nifaq salmaq istəyənlərə ən güclü cavab nə şüar, nə də emosional ittihamdır. Ən güclü cavab sağlam düşüncə, tarixi yaddaş və qarşılıqlı etimaddır. Çünki iki qardaş xalqın arasına nifaq salmaq istəyənlər Azərbaycan və Türkiyənin zəifliyini deyil, birliyinin yaratdığı gücü hədəfə alırlar. Ona görə də bu gün ən böyük vəzifə Azərbaycan-Türkiyə münasibətlərini romantik şüarlardan deyil, sağlam dövlətçilik düşüncəsindən, qarşılıqlı hörmətdən və milli maraqlardan çıxış edərək qorumaqdır. Çünki Azərbaycanla Türkiyənin münasibəti bir günlük siyasi kampaniya deyil. Bu, tarixdən gələn, bu gün yaşayan və gələcəyə daşınmalı olan böyük bir qardaşlıq məsuliyyətidir. Türkü türklə düşmən etmək istəyənlər bunu nə qədər arzulasa da, bacarmayacaqlar. Çünki qardaşlıq nifaqdan, həqiqət yalandan, xalqın yaddaşı isə təxribatdan daha güclüdür. 

Azərbaycan və Türkiyə iki ayrı dövlət olsa da, ürəkləri eyni nəbzlə vuran vahid bir candır. Sadəcə iki qonşu dövlət deyil, eyni kökdən boy atan, alın yazılı  bir qardaşlardır. "Bir millət, iki dövlət" fəlsəfəsi sadəcə siyasi bir deviz deyil, zamanın ən amansız sınaqlarından keçərək poladlaşmış sarsılmaz bir ruhun vəhdətidir. Bu ruh, tarixin heç bir fırtınasının qopara bilmədiyi köklərlə bir-birinə bağlıdır və gələcəyə doğru çiyin-çiyinə addımlayan iki qardaşın əbədi andıdır.

Əlövsət HÜSEYNQULIYEV 

Beynəlxalq Antiterror Birliyi Prezidentinin müşaviri,

Antiterror və təhlükəsizlik üzrə ekspert