Azərbaycanda toxum sertifikatlaşmasının bütün mərhələləri rəqəmsallaşdırılıb
Hazırda ölkədə toxum sertifikatlaşmasının bütün mərhələləri rəqəmsallaşdırılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Aqrar Xidmətlər Agentliyinin Dövlət toxum nəzarəti və qeydiyyat şöbəsinin müdiri Fikrət Feyziyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, toxum sertifikatlaşması kifayət qədər vacib prosesdir: "Bu proses dövlət nəzarətinin bir hissəsidir və bir neçə mərhələdən ibarətdir. Toxum sertifikatlaşmasının bütün mərhələləri rəqəmsallaşdırılıb. Bu istiqamətdə tədbirlər dövlət standartı ilə həyata keçirilir və orda xüsusi təlimdən keçmiş aprobator mütəxəssislər tərəfindən bir neçə əsas məsələyə diqqət yetirilir. Bu məsələlər dövlət standartı ilə müəyyən olunub. Vacib məsələlərdən biri toxumun genetik cəhətdən təmiz olması ilə bağlıdır. Yəni sort qarışığı olmamalıdır. Əgər sort qarışığı standartda yol verilən artıq miqdardan artıqdırsa, həmin toxum çıxdaş olunacaqdır".
F.Feyziyev əlavə edib ki, digər əsas məsələlərdən biri bitki toxumluq sahə, orada əkilən bitki xəstəliklərdən də azad olmalıdır: "Çünki bu sertifikatlaşmanın əsas tələblərindən biridir. Orda bir neçə xəstəliklər var ki, toxumla yayıla bilən xəstəliklər, xüsusilə orada çox ciddi şəkildə diqqət yetirilir. Eyni zamanda alaqlanmaya da diqqət yetirilməlidir ki, alaqlanma da sahədə standartda yol verilən miqdardan artıq olmasın. Bu məsələlərə riayət etmiş fermer, standartın tələblərinə cavab verən sahələr artıq növbəti mərhələ üçün, yəni toxum sertifikatlaşma prosesinə daxil olur. Əks halda sahə çıxdaş olunur. Bütün fermerlərlə görüşümüzdə bu məsələləri kifayət qədər ciddi şəkildə təbliğ edirik ki, sahədə sort qarışıqları yüksək olmasın, alaqlanma zəif olsun, eyni zamanda xəstəliklər də yol verilən miqdardan artıq olmasın ki, toxum sertifikatlaşdırıla bilinsin və yekunda ölkəmizin toxum təminatı təmin oluna bilsin".








