Bakı Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyasına ev sahibliyi edəcək

Bakı Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyasına ev sahibliyi edəcək

15 Mart 2026

May ayında paytaxt Bakı dünyanın müxtəlif ölkələrindən gələcək nümayəndələri bir araya gətirəcək mühüm beynəlxalq tədbirə – Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına ev sahibliyi etməyə hazırlaşır. 17–22 may 2026-cı il tarixlərində Bakı Olimpiya Stadionunda keçiriləcək forum urbanizasiya və şəhər inkişafı sahəsində qlobal miqyasda ən mühüm platformalardan biri hesab olunur.

“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunacaq forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, şəhərsalma üzrə mütəxəssislər, memarlar və urbanistika sahəsində fəaliyyət göstərən ekspertlər bir araya gələcəklər. Tədbir zamanı müasir şəhərlərin inkişaf perspektivləri, urbanizasiya proseslərinin idarə olunması, dayanıqlı yaşayış mühitinin formalaşdırılması və sosial rifahın təmin edilməsi kimi məsələlərin geniş müzakirəsi nəzərdə tutulur.

Müasir dövrdə urbanizasiya prosesinin sürətlənməsi şəhərlərin inkişafına yeni yanaşmaların tətbiqini zəruri edir. Əhali artımı, infrastruktur ehtiyaclarının genişlənməsi, ekoloji problemlər və sosial bərabərlik məsələləri şəhər planlaşdırılması siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu baxımdan Ümumdünya Şəhərsalma Forumu müxtəlif ölkələrin təcrübəsinin paylaşılması və şəhərlərin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm beynəlxalq platforma rolunu oynayır.

Forum çərçivəsində təşkil olunacaq müzakirələrdə şəhərlərin dayanıqlı inkişafı, müasir urbanizasiya modelləri, iqlim dəyişikliklərinin şəhər mühitinə təsiri, yaşayış məkanlarının təhlükəsizliyi və şəhər infrastrukturlarının inkişafı kimi məsələlər diqqət mərkəzində olacaq. Bu müzakirələr şəhərlərin daha təhlükəsiz və yaşana bilən məkanlara çevrilməsi istiqamətində yeni yanaşmaların formalaşmasına töhfə verəcək.

Bakı şəhərinin belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycanın qlobal platformalarda artan rolunun və beynəlxalq əməkdaşlıq sahəsində güclənən mövqeyinin göstəricisi kimi qiymətləndirilir. Son illər paytaxtın infrastrukturunun müasirləşdirilməsi, şəhər mühitinin yenilənməsi və müasir şəhərsalma layihələrinin həyata keçirilməsi Bakının regionun mühüm urbanistik mərkəzlərindən birinə çevrilməsinə şərait yaradıb.

Beynəlxalq media qurumları da forumun Bakıda keçirilməsinə xüsusi diqqət ayırır. Türkiyənin tanınmış televiziya kanallarından biri olan Haber Global bu mövzuya həsr olunmuş xüsusi videosüjet hazırlayıb. “Dünya şəhərləri Bakıda görüşür: Dünya Şəhərsalma Forumu mayın 17–22-də Bakıda keçiriləcək” başlıqlı süjetdə qeyd olunur ki, Bakı növbəti dəfə qlobal tədbirə ev sahibliyi etməklə beynəlxalq əməkdaşlıq və dialoq üçün mühüm mərkəzlərdən birinə çevrilir.

Süjetdə vurğulanır ki, müxtəlif ölkələrdən gələcək nümayəndələr forum çərçivəsində şəhərlərin gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparacaq, urbanizasiya sahəsində yeni yanaşmalar və əməkdaşlıq imkanları müzakirə olunacaq. Bu isə qlobal urbanizasiya problemlərinin həlli istiqamətində beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verəcək.

Ümumdünya Şəhərsalma Forumu ilk dəfə 2002-ci ildə Keniyanın paytaxtı Nairobi şəhərində keçirilib. Həmin vaxtdan etibarən forum hər iki ildən bir dünyanın müxtəlif şəhərlərində təşkil olunur və urbanizasiya sahəsində beynəlxalq səviyyədə ən mühüm müzakirə platformalarından biri kimi fəaliyyət göstərir. Forumun əsas məqsədi şəhərlərin təhlükəsiz, inklüziv və dayanıqlı inkişafına töhfə vermək, bu sahədə müxtəlif ölkələrin təcrübəsini paylaşmaq və gələcək inkişaf strategiyalarının müəyyənləşdirilməsinə dəstək göstərməkdir.

Mütəxəssislər hesab edirlər ki, müasir dövrdə şəhərlərin inkişafı yalnız infrastruktur layihələri ilə məhdudlaşmır. Dayanıqlı şəhər anlayışı eyni zamanda sosial rifahın təmin olunması, ekoloji tarazlığın qorunması, iqtisadi inkişaf və mədəni mühitin formalaşdırılması kimi bir sıra mühüm amilləri özündə birləşdirir. Bu baxımdan şəhərsalma siyasətinin düzgün planlaşdırılması və urbanizasiya proseslərinin səmərəli idarə olunması gələcək inkişafın əsas prioritetlərindən biri hesab olunur.

2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının da şəhərsalma sahəsində qlobal dialoqun genişlənməsinə, müxtəlif ölkələrin təcrübə mübadiləsinə və dayanıqlı şəhər inkişafı istiqamətində yeni yanaşmaların formalaşmasına mühüm töhfə verəcəyi gözlənilir. Bakı şəhərinin belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi isə Azərbaycanın beynəlxalq tədbirlər məkanı kimi artan nüfuzunun və qlobal platformalarda fəal iştirakının növbəti göstəricilərindən biri kimi qiymətləndirilir.

Fərid ƏKBƏRLİ

Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin Gənclər təşkilatının sədri