Bakıda Maliyyə Kəşfiyyatı Orqanlarının Eqmont Qrupunun 32-ci plenar iclası keçiriləcək
Bu ilin iyul ayında Azərbaycanın ev sahibliyi edəcəyi "Maliyyə Kəşfiyyatı Orqanlarının Eqmont Qrupunun 32-ci plenar iclası keçiriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının növbəti iclasında məlumat verilib.
İclası giriş sözü ilə açan Baş Nazirin müavini, Koordinasiya Şurasının sədri Samir Şərifov cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin effektivliyinin daha da artırılması üçün Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı"nın, habelə digər tədbirlər planlarının icra vəziyyətinin müsbət qiymətləndirildiyini bildirib.
S.Şərifov əlavə edib ki, müvafiq tədbirlərin davamlılığının təmin edilməsi üçün tezliklə yeni fəaliyyət planının qəbul edilməsi mühüm əhəmiyyət daşıyır.
İclasda ötən il yaradılmış benefisiar mülkiyyətçi məlumatlarına dair mərkəzləşdirilmiş reyestrin fəaliyyəti ilə bağlı mövcud vəziyyət müzakirə edilib və bu reyestrin fəaliyyətinin təmin edilməsi ilə bağlı görülməli tədbirlər müəyyənləşdirilib.
Bundan əlavə, iclasda "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2026-2028-ci illər üzrə Milli Fəaliyyət Planı" layihəsi müzakirə edilib. Milli Fəaliyyət Planı layihəsində nəzərdə tutulan bəzi tədbirlərin aidiyyəti dövlət orqanları tərəfindən hələ də razılaşdırılmadığı nəzərə alınaraq, Şura sədri tərəfindən bu prosesin sürətləndirilməsi məqsədilə müvafiq tapşırıqlar verilib.
İclasda həmçinin bu ilin iyul ayında Azərbaycanın ev sahibliyi edəcəyi "Maliyyə Kəşfiyyatı Orqanlarının Eqmont Qrupunun 32-ci plenar iclasının keçirilməsi ilə bağlı" İş planı üzrə görülən işlərə dair hesabat dinlənilib, habelə Şuranın fəaliyyəti ilə bağlı digər məsələlər üzrə müzakirələr aparılıb.








