Bayramlar üst-üstə düşdükdə əmək məzuniyyəti necə tənzimlənəcək?
Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü məzuniyyət günləri hesab edilmir və bu günlərə görə pul ödənilmir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Əmək Məcəlləsində məzuniyyətin müddətinin isə bu günlərin sayı qədər uzadıldığı qeyd edilib.
Bu halda Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə üst-üstə düşən günlər 1 gün hesabı ilə nəzərə alınır.
Daha sadə dildə desək, rəsmi bayramlar, ümumxalq hüzn günü və səsvermə günləri məzuniyyət günlərinə daxil edilmir. Yəni, işçi həmin günləri məzuniyyət kimi saymır və bu günlər üçün ayrıca ödəniş də verilmir.
Bu qaydanın tətbiqi zamanı belə bir dəyişiklik olur: əgər məzuniyyət müddətinə belə qeyri-iş günləri düşərsə, məzuniyyətin bitmə tarixi həmin günlərin sayı qədər irəli çəkilir. Başqa sözlə, işçi işə daha gec qayıdır.
- Məsələn, bir işçi 20 fevral tarixindən etibarən 20 günlük məzuniyyətə çıxır. Bu müddət ərzində 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur. Bu gün məzuniyyətə daxil edilmədiyi üçün işçinin istirahəti bir gün uzanır. Nəticədə o, əvvəlcədən planlaşdırıldığı kimi martın 12-də deyil, martın 13-də işə qayıdır.
Başqa bir hal isə bayramların üst-üstə düşməsi ilə bağlıdır. Əgər məzuniyyət dövründə Qurban və ya Ramazan bayramları başqa bir rəsmi bayram günü ilə eyni günə təsadüf etsə, bu günlər ayrı-ayrılıqda yox, birlikdə yalnız bir gün kimi hesablanır. Yəni məzuniyyət müddəti yalnız bir gün uzadılır.
- Məsələn, bu il 20-21 mart tarixlərində qeyd olunan Novruz Bayramı ilə Ramazan bayramı eyni günlərə düşür. Bu halda məzuniyyət 4 gün deyil, cəmi 2 gün artırılır.
Xatırladaq ki, Ramazan bayramı günləri iş günü hesab edilmir.
Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.
Qeyd edək ki, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramının keçiriləcəyi günlər növbəti il üçün dekabr ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilib əhaliyə elan olunur.








